Yunanıstanın Türkiyə ilə sərhədinin 45 kilometrliyindəki liman şəhəri Dədədağacda (Aleksandrupolis) yerləşən ABŞ-ın yeni hərbi bazasının yaxın həftələrdə fəaliyyətə başlayacağı bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın “Ta Nea” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Yunanıstanın ABŞ-a ayırdığı Yannuli kazarmasında hazırlıqlar son mərhələyə çatıb.
Kazarmanın gələcək həftələrdə ilk NATO əsgərlərini qəbul etməyə hazır olduğu bildirilən xəbərdə kazarmanın düz xətlə Türkiyə sərhədindən 20 kilometr uzaqlıqda olduğu vurğulanıb.
“Türkiyə amerikalıların Balkana tank, helikopter və sursat göndərmək üçün Aleksandrupolis limanından istifadə etməsindən, həm də regionda ilk NATO bazasının fəaliyyətə başlamasından narahatdır”, - qəzet qeyd edib.
Ötən il Afina ilə Vaşinqton arasında imzalanmış “Qarşılıqlı Müdafiə Əməkdaşlığı” müqaviləsinə əsasən, Yannuli kazarmaları ilə yanaşı, Volosdakı Georqula kazarmaları və Litoxordakı atıcılıq poliqonu ABŞ üçün ayrılıb.
Müqavilə həmçinin Krit adasındakı ABŞ-ın mövcud Suda bazasının genişləndirilməsini nəzərdə tutur.
Türkiyə sözügedən hərbi bazanın qurulmasına görə həm ABŞ, həm də Yunanıstana rəsmi etiraz edib. Türkiyə baş verənləri təhrikedici və təxribatçı addımlar kimi qiymətləndirir.