İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 döyüş təyyarələri son iki ayda dəfələrlə İranın hava məkanına daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Məlumata görə, həm İran, həm də Rusiya radarları qırıcıların yerini müəyyən edə bilməyib. Qeyd edilib ki, İsrail və ABŞ İrana havadan və dənizdən hücumu və Körfəzdə İran gəmilərinin ələ keçirilməsini imitasiya etmək üçün Qırmızı dəniz üzərində genişmiqyaslı təlimlər keçirib.
Mümkün ssenarilər İranın nüvə obyektlərinə zərbələr endirmək üçün iki ölkə tərəfindən həm gizli, həm də açıq şəkildə keçirilən bir sıra təlimlərdə sınaqdan keçirilib.
İsrail ordusu son bir neçə ay ərzində müstəqil, eləcə də digər ölkələrlə birgə F-35 təlimləri keçirib. İsrail Hərbi Dəniz Qüvvələri də Livan sahillərində və Qırmızı dənizdə varlığını gücləndirib.
Mənbənin iddiasına görə, ABŞ-ın İsraillə birgə təlim keçirməsi İranla mümkün müharibədə bu ölkəyə hərbi yardım edəcəyini göstərir. Eyni zamanda, nəşr İsraillə İran arasında qarşıdurmanın tezliklə başlayacağını istisna etmir.