İran nüvə sazişi ilə bağlı Avropa İttifaqı vasitəsilə ABŞ-a əsas təklifini göndərib. Təklifin mahiyyəti belədir ki, əgər ABŞ İranla imzalayacağı nüvə sazişindən yenə çıxarsa, buna görə Vaşinqton Tehrana kompensasiya ödəməlidir. Bununla Tehran özünü sığortalamaq istəyir. Çünki ABŞ-ın keçmiş prezidenti Barak Obama İranla nüvə sazişi imzalamışdı, Donald Tramp Ağ Evə gəldikdən sonra həmin sazişdən imtina etdi. Görünür, Tehranda düşünürlər ki, Ağ Evin sahibi dəyişərsə, yeni prezident Tramp kimi yenə sazişdən imtina edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilib.
Mərkəzin ekspertlərinin fikrincə, ABŞ Prezidenti Cozef Bayden İranla nüvə sazişi imzalamaq istəyir, ancaq Ağ Ev sahibi çətin ki, Tehranın “kompensasiya” şərtini qəbul etsin:
“Buna baxmayaraq, hiss olunur ki, Ağ Evlə Tehran razılığa gəlmək istəyirlər. “Wall Street Journal” dərgisinin yazdığına görə, danışıqlarda iştirak edən üçüncü tərəf - Brüssel də bəzi güzəştlərə hazırdır. Məsələn, Brüssel İranda nüvə elementləri aşkar edilən mərkəzlərdə beynəlxalq araşdırma aparılmasında israr etmir. Brüssel nüvə sazişinin qısa müddətdə imzalanmasını istəyir. Çünki Brüssel də Tehran kimi hiss edir ki, əgər Baydendən sonra Ağ Evə respublikaçı prezident gələrsə, nüvə sazişinin imzalanması yenə təxirə salınacaq. Bu isə beynəlxalq aləmdə gərginliyin davamına şərait yaradacaq.
Digər tərəfdən, Avropa İttifaqı Ukraynada işğalçı müharibə fonunda Rusiya qazından və neftindən imtina edəcəyi halda alternativ enerji mənbələrinə ehtiyacı var. İran nefti və qazı işə yaraya bilər. Ancaq bunun üçün nüvə sazişi imzalanmalıdır.
Nüvə sazişinin imzalanması üçün Tehran da bir məsələdə güzəştə gedib. Tehran bunun üçün İslam Keçikçiləri Korpusunu (SEPAH) ABŞ-ın terrorçu təşkilatlar siyahısından çıxarılmasını tələb edirdi. Vaşinqton bu tələbi yersiz sayıb. Tehran sazişin imzalanması üçün bu tələbindən imtina edib.
Buna baxmayaraq, Vaşinqtonda Tehranın siyasəti ilə bağlı nikbinlik azdır. Təsadüfi deyil ki, İran kəşfiyyatına bağlı şəxslərin Amerikada keçmiş administrasiyanın tanınmış simalarını izləmələri barədə xəbərlər yayılıb. Bu xəbərlərin fonunda Co Baydenin Tehranla nüvə sazişi imzalaması Ağ Ev sahibinin zəifliyi kimi qiymətləndirilə bilər.
ABŞ-ın bölgədəki əsas müttəfiqi İsrail də nüvə sazişinin əleyhinədir. Təl-Əviv hesab edir ki, İran nüvə sazişini imzalayacaq, sanksiyalardan qurtulacaq və əldə etdiyi pulları İsraili hədəf alan müxtəlif silahlı qruplara hərbi dəstək üçün istifadə edəcək”.
Məqalədə vurğulanıb ki, İran Prezidenti İbrahim Rəisi mühafizəkarlığı ilə tanınsa da, ölkədəki ağır iqtisadi-sosial vəziyyət onu nüvə sazişini imzalamağa həvəsləndirə bilər:
“Bununla belə, İran mühafizəkarları içərisində fərqli düşünənlər də var. Məsələn, İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti nüvə sazişi olmadan da ölkəsinin keçinəcəyi qənaətindədir. Vilayəti Rusiya və Çinlə strateji əlaqələrin tərəfdarıdır. Hətta Çini “İranın strateji müttəfiqi” adlandıran Vilayəti Tehranla Pekin arasında indikindən də sıx əlaqələrin qurulmasını istəyir. Vilayəti Çinin İrandakı səfiri Canq Xua ilə görüşdə İranın Çinin kommunikasiya layihələrində iştirakının vacib olduğunu bildirib: “İranın Rusiya və Çinlə keçirdiyi birgə hərbi təlimlər bölgənin təhlükəsizliyinə böyük töhvə verir”.
Beləliklə, Tehran Vaşinqtonla nüvə sazişini imzalamağa həvəsli görünür. Moskva və Pekin sözdə nüvə sazişinin imzalanmasını dəstəkləsələr də, əməldə Tehranın xarici və təhlükəsizlik siyasətinin dəyişməsini istəmirlər. Çünki nüvə sazişi imzalanarsa, İran sanksiyalardan qurtulacaq və neft satışından milyard dollar qazanacaq, müxtəlif dövlətlərin banklarında dondurulmuş pullarını geri ala biləcək. Bu halda İranın Rusiya və Çindən asılılığı azalacaq. Moskva və Pekin isə İranın onlardan asılılığının azalmasını istəmir”.