Serbiya və Kosovo arasında bütün vətəndaşların, o cümlədən Kosovo serblərinin sərbəst hərəkətinə dair razılıq əldə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel deyib.
O qeyd edib ki, son dövrlərdə Serbiya və Kosovo arasında gərginliyə səbəb olan məsələ ilə bağlı razılığa gəlinib. C.Borel iki ölkənin Aİ-nin köməkliyi ilə Belqrad-Priştina Dialoqu çərçivəsində razılaşdığını deyib.
Serbiyanın Kosovo şəxsiyyət vəsiqəsi olanların giriş-çıxışa dair sənədlərin tətbiqini ləğv edəcəyini bildirən C.Borel Kosovonun da Serbiya şəxsiyyət vəsiqəsi olanlardan bu sənədləri tələb etməyəcəyini vurğulayıb.
“Kosovo serbləri və bütün digər vətəndaşlar şəxsiyyət vəsiqələrindən istifadə etməklə Kosovo və Serbiya arasında sərbəst səyahət edə biləcəklər", - deyə Aİ-ni Ali nümayəndəsi qeyd edib.
Aİ-nin bu məsələ ilə bağlı Kosovonun Baş naziri Albin Kurtidən zəmanət aldığını qeyd edən C.Borel həll yolunda Avropanın rolunun olduğunu bildirib, hər iki ölkənin rəhbərlərini bu münasibətlə təbrik edib.
Xatırladaq ki, Kosovo hökuməti avqustun 1-dən etibarən ölkədə yaşayan serblər də daxil olmaqla, hər kəs üçün dövlətə məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaları tətbiq edəcəyini açıqlamışdı. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlamışdı. Eyni zamanda, yollarda barrikadalar qurulmuş və bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Daha sonra yeni qaydaların tətbiqinin sentyabrın 1-dək təxirə salındığı açıqlanmışdı.
Avqustun 18-də isə Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin təşəbbüsü ilə keçirilən Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurtinin görüşündə tərəflər arasında problemlərin həllinə dair heç bir irəliləyiş əldə olunmamışdı.
NATO-nun Kosovodakı missiyası regionda sabitlik pozulacağı təqdirdə müdaxilə etməyə hazır olduğunu bəyan etmişdi.