29 Avqust 2022 13:50
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Taliban hökuməti “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahirinin hədəfə alındığı hücumda Pakistanın hava məkanından istifadə olunduğunu iddia edib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Əfqanıstan müdafiə nazirinin müavini Molla Məhəmməd Yaqub Mücahid açıqlama verib.

Mücahid ABŞ-ın sözügedən hava hücumu ilə Əfqanıstanın suverenliyini pozduğunu deyib: “Bizdə olan məlumata görə, onlar (PUA) Pakistan üzərindən Əfqanıstana girərək Pakistanın hava məkanından istifadə ediblər. Pakistandan hava məkanını bizə qarşı istifadə etməməsini istəyirik”.

Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada taliblərin açıqlamalarından dərin narahatlıq keçirdikləri vurğulanıb. Açıqlamada qeyd olunub ki, heç bir sübut olmadan belə hipotetik iddialar irəli sürmək son dərəcə təəssüf doğurur və diplomatik davranış normalarına ziddir.

Pakistanın terrorizmin bütün forma və təzahürlərini pislədiyinə diqqət çəkən açıqlamada müvəqqəti hökumətdən Əfqanıstan ərazisinin hər hansı bir ölkəyə qarşı terror məqsədləri üçün istifadə edilməsinə icazə verilməməsi ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırılıb.

Ayman əz-Zəvahiri iyulun 31-də Əfqanıstanın paytaxtı Kabildə ABŞ-a məxsus pilotsuz uçan aparatla təşkil edilən hücumda öldürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər