“İndiyə qədər Azərbaycan və Ermənistan rəhbərləri arasında bir sıra görüşlər keçirilib. Əlbəttə, görüşlərin keçirilməsi, dialoqun qurulması, kontaktların olması əhəmiyyətlidir. Amma görüşlər nəticəli olmalıdır. Azərbaycan bir sıra addımlar atıb. Təəssüflər olsun ki, Ermənistan belə görüşlərdə razılıqlar versə də, sonradan onu həyata keçirməyi bəhanələrlə uzadır”.
Bu sözləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu avqustun sonunda planlaşdırılan Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü haqqında danışarkən bildirib.
Sərdar Cəlaloğlu qeyd edib ki, Ermənistanın sülh istiqamətində irəliləyişlərə meyl etməməsi əslində bu ölkədə Rusiya təsiri ilə bağlıdır: “Ermənistan hakimiyyəti Rusiyadan asılıdır, müstəqil siyasət apara bilmir. Bu səbəbdən də sülh irəliləyişi baş vermir. Fikrimcə, Xankəndi Azərbaycan suverenliyi altına keçməsə Ermənistan sülh sazişinə meyl etməyəcək”.
Bununla belə partiya sədri əmindir ki, sadə ermənilər Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrin qurulması tərəfdarıdır: “Paşinyan Ermənistan üçün Avropanın qapısı sayılan Türkiyə ilə sərhədi açmalıdır. Əks təqdirdə, Ermənistan Avropaya inteqrasiya edə bilməyəcək. Təəssüflər olsun ki, Ermənistan hakimiyyəti hələ də Azərbaycan və Türkiyəyə qarşı çıxışlar edir. Ola bilsin ki, bu da Ermənistanda olan və Rusiyanın təsiri altında fəaliyyət göstərən müxalifətin və hansısa qrupların rəy yaratmasının qarşısını almaq üçün edilir. Halbuki müharibədən sonra Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində erməni əhalisinin yenidən Paşinyana səs verməsi göstərir ki, erməni seçicisi Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasının tərəfdardır. Sadəcə olaraq hazırda Rusiya Ukraynada savaş aparır və onun marağındadır ki, Qafqazda vəziyyət olduğu kimi qalsın. Amma reallıq budur ki, Ermənistan Türkiyə və Azərbaycanla normal əlaqələr qurmadan heç bir inkişaf, inteqrasiya və uğura əl ata bilməz”.