Amerikalı tibbi mütəxəssis Erik Qoldsmit Tiflisə gəlib və hazırda klinikada olan məhkum edilmiş eks-prezident Mixail Saakaşvilinin məhkəmə-psixiatrik ekspertizasını keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə siyasətçinin vəkili Şalva Xaçapuridze məlumat verib.
Saakaşvili uzun sürən aclıq aksiyasının səhhətində yaratdığı problemlərə görə Tiflisdəki “Vivamed” klinikasında müalicə alır. Bundan əvvəl ailə üzvləri həkimlərin ona 17-yə yaxın müxtəlif diaqnoz qoyduğunu bildirmişdilər.
“Ekspertizanın birinci hissəsi tamamlanıb, ikinci hissəsi bir neçə saat ərzində həyata keçiriləcək. Cavab ABŞ-dan gələcək. Yekun rəy üçün üç-dörd gün vaxt lazımdır”, - vəkil deyib.
Onun sözlərinə görə, ekspertiza iki əsas suala cavab verməlidir: Saakaşvili ağır xəstədirmi və bu, onun cəzasını çəkməsinə mane olurmu. Xaçapuridze əlavə edib ki, Saakaşviliyə BMT mütəxəssisləri də baş çəkəcək.
Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb, onun barəsində bir neçə cinayət işi üzrə istintaq aparılır. Siyasətçi Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub. Birinciyə görə Saakaşvili üç il, ikinciyə görə isə altı il müddətinə azadlıqdan məhrum edilib.