Dünya indi qalıq yanacaqlarından istifadəni dayandırsa belə, bunların atmosferdə əmələ gətirdiyi istiliyin artım tempi Qrenlandiya buzlarının əriməsini qaçılmaz edəcək və dəniz səviyyəsini ən azı 27 santimetr qaldıracaq.
Teleqraf.com xəbər verir ki, elm adamları ilk dəfə olaraq son 150 ildə qlobal istiləşmənin orta hesabla 1.1 dərəcə Selsi artması səbəbindən Qrenlandiyanın buz təbəqəsindən nə qədər minimal buz itkisinin baş verəcəyini və bunun dəniz səviyyəsini necə yüksəldəcəyini müəyyən ediblər.
Danimarka və Qrenlandiya Geoloji Tədqiqatlar Xidmətinin (GEUS) elm adamları Qrenlandiyanın buz təbəqəsinin qaçılmaz olaraq hazırkı həcminin 3.3 faizini və ya 110 katrilyon ton buzunu itirəcəyini açıqlayıblar.
Arktikanın iqlimi ilə bağlı aparılan araşdırmanın müəllifi, professor Ceyson Boks açıqlamasında belə deyib:
“Real olaraq, bu əsrdə bu rəqəmin iki dəfədən çox artmasının şahidi olacağıq. Qlobal istiləşmənin indiki tempinə uyğun olaraq, Qrenlandiyanın əriyən buz təbəqəsi dəniz səviyyəsinin qalxmasına da öz “töhfə”sini verəcək. Qrenlandiyanın buz təbəqəsinin gözlənilən kütləvi itkisi iki dəfədən çox artaraq 78 sm-ə çatacaq”.
Tədqiqat peyk məlumatları və elm adamlarının buz təbəqəsi ilə bağlı real müşahidələrinə əsaslanır. Tədqiqat digər qütb bölgələrinin yox, yalnız Qrenlandiya buzlaqlarını araşdırır.