31 Avqust 2022 13:03
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan adası ətrafında artan gərginlik və müharibə ehtimalı Çində fəaliyyət göstərən böyük şirkətləri də qorxudub. ABŞ-ın məşhur “Apple” şirkəti Çindəki müəssisələrini Vyetnam və Hindistanla əvəz etmək istəyir. Şirkət Vyetnamda kompüterlər, Hindistanda isə “Ayfon” mobil telefonları istehsal edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.

Məqalədə qeyd edilib ki, şirkətin Çini sürətlə tərk etməsinin səbəbi ABŞ-la Çin arasında mümkün müharibə ilə bağlıdır:

“Böyük şirkətlərin rəhbərləri və analitikləri Tayvan ətrafındakı gərginliyin davam edəcəyini proqnozlaşdırırlar. Ada ətrafında hərbi təlimlərin sayının artması da bundan xəbər verir.

“Financial Times” dərgisi ötən günlərdə Tayvan ətrafında gərginliyin artmasıyla yanaşı, böyük şirkətlərin Çin bazarını tərk etmələriylə bağlı planlar qurmaları barədə məqalə yayımlayıb. Vaşinqtonun Çini tərk etmələri ilə bağlı böyük şirkətlərə təzyiqi artıb. Vaşinqton həmin şirkətlərə məsləhət görüb ki, bizneslərini şaxələndirsinlər və Çinə qonşu olan ölkələrə köçsünlər.

Buna baxmayaraq, Çin böyük şirkətlər üçün əsas bazardır. Çünki həmin şirkətlər Çini dərhal tərk edə bilməzlər. Digər tərəfdən, çinlilərin maaşlarının az olması böyük şirkətlərə sərf edir. Ancaq böyük şirkətlər istehsalın bir hissəsini Çindən Vyetnam, Hindistan və Malayziyaya köçürmək barədə qərar verməyə hazırdır. Bu, Çinə qonşu olan ölkələr üçün yeni imkanları açır. Böyük şirkətlərin təmsilçiləri açıqlamalarında çinlilərlə problemlərinin olmadığını desələr də, mövcud vəziyyətdə istehsalı köçürmək barədə başqa alternativlərinin olmadıqlarını bildiriblər. Pekindən onların vəziyyətini anlamasını istəyirlər. Bölgədə müharibə riski var və böyük şirkətlər mümkün müharibəyə görə bizneslərini itirmək istəmirlər”.

Mərkəzin ekspertləri hesab edirlər ki, böyük şirkətlər payız aylarında Çin Kommunist Partiyasının qurultayının nəticəsini də gözləyəcəklər:

“Kommunist Partiyası və ölkənin lideri Si Cinpin ənənəni pozaraq üçüncü dəfə partiyaya rəhbər seçilmək istəyir. Bu qurultaydan sonra Pekinin Kremllə yaxınalşması sürətlənsə, Tayvan ətrafında ABŞ-la müharibə ehtimalı artacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər