“Hazırda dünyada qlobal bahalaşma, ərzaq qıtlığı haqqında xəbərdarlıqlar edilir. Mənim qənaətimcə, böyük təhlükə yaranmayacaq. Əslində qiymətlərin artımı bir sıra ölkələrdəki problemlərlə bağlıdır. Bununla paralel olaraq Ukraynada aparılan müharibə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar enerji daşıyıcılarının qiymətini bahalaşdırır. Təbii olaraq enerji resurslarının qiymətləri qalxdıqda, bunun digər sahələrə ciddi təsirləri olur”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O, əlavə edib ki, müşahidə olunan qlobal ərzaq qıtlığı və enerji resurslarının qiymətinin bahalaşması ümumi qiymət artımına təsir edəcək: “Qiymətlərdə artım müşahidə olunacaq. Bəzi ölkələrdə bir sıra iqtisadi problemlərin yaranması gözləniləndir.
Digər tərəfdən, konkret Azərbaycana gəldikdə deyim ki, bir sıra qida məhsulları ilə bağlı qiymətlərə təsirlər ola bilər. Amma nəzərə almaq lazımdır ki, ümumilikdə dünyada enerji daşıyıcılarının qiymətlərinin artımı Azərbaycana milli iqtisadiyyatını qorumaq üçün imkanlar yaradır. Yəni maliyyə daxil olacaq. Bu baxımdan mən qlobal bahalaşma konteksində Azərbaycana böyük təhlükə görmürəm. Çünki qida ilə bağlı Azərbaycan tərəfdaş olan ölkələr var və onlar bizə taxılla bağlı lazım olan miqdarı çatdıra biləcək. Digər qida məhsulları var və onları ixrac edirik. Məncə, bu məhsullar da bizim üçün əlçatan ölkələrdən gətirilir. Odur ki, mən bu istiqamətdə təhlükə görmürəm”.
Bununla paralel olaraq deputat bildirib ki, əslində Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı işlər gücləndirilməli, yerli istehsal artmalı və bu istiqamətdə layihələr həyata keçirilməlidir ki, biz ölkəmizi təmin edək: “Ümumiyyətlə, biz bir sıra qida məhsullarını daxildə istehsal etməliyik”.