Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moldovanın birtərəfli qaydada müstəqilliyini elan edən Dnestryanı bölgəsi ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Dnestryanının Moldovanın bir hissəsi olduğunu deyən Lavrov burada əsasən rus və rusdilli insanların, o cümlədən 200 minə yaxın Rusiya vətəndaşının olduğunu bildirib.
Nazir bölgədə Rusiya sülhməramlılarının olmasına da diqqət çəkib:
“İndi həm Dnestryanı administrasiyası, həm də biz birbaşa dialoqun bərpasının tərəfdarıyıq. Dnestryanı hökuməti buna hazırdır. Kişinyovu da buna çağırırıq. Amma Sandu (Moldova prezidenti) və komandasının bəyanatlarına əsasən, onlar ABŞ və Avropa İttifaqının göstərişi ilə bu dialoqun olmasını istəmirlər. Görünür, onlar bu məsələnin qeyri-diplomatik yolla həll olunacağına ümid edirlər”.
Lavrov Moldovadakı vəziyyəti diqqətlə izlədiklərini söyləyib: “Moldovada yaşayan rus və rusdilli əhalinin maraqlarının heç bir şəkildə zərər görməməsi üçün əlimizdən gələni edəcəyik”.
Rusiyalı nazir Moldovada Dnestryanı bölgədən başqa Qaqauz Muxtar Bölgəsinin də olduğunu bildirib:
“Bu bölgə də xüsusi statusa sahib olmaq istəyir. Əslində sözügedən regionun bəzi xüsusi status elementləri var. Düşünürəm ki, Moldova administrasiyası Qərbin yeritdiyi geosiyasi oyunlardan əl çəkərək, birgə yaşayan insanların mənafeyini nəzərə alaraq düzgün addım atacaq”.