Litva Mixail Qorbaçovun ölümü ilə əlaqədar 1991-ci ilin yanvarında Vilnüs hadisələri ilə bağlı ona qarşı qaldırdığı mülki iddianı geri götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə Vilnüs Məhkəməsinin nümayəndəsi Aurimas Jukauskas məlumat verib.
“İddia konkret şəxsə - SSRİ prezidenti Mixail Qorbaçova qarşı qaldırılıb. Məsuliyyətin başqasına ötürülməsi mümkün olmadığından iddia geri götürülür”, - Jukauskas deyib.
1991-ci ilin yanvar hadisələrində həlak olan 4 nəfərin qohumları SSRİ prezidenti kimi Qorbaçovu məhkəməyə veriblər. Onların iddiasına görə, silahlı qüvvələrin baş komandanı olan SSRİ prezidenti Qorbaçov Litvanı bürümüş iğtişaşlara ordunun müdaxiləsini dayandırmaq səlahiyyətinə malik olsa da, bunu etməyib, nəticədə çox sayda insan həlak olub.
1991-ci il yanvarın 13-də sovet hərbi qüvvələri Vilnüsdə keçirilən müstəqillik aksiyalarına müdaxilə edib, nəticədə 14 nəfər həlak olub. Litva tərəfi dinc sakinlərin ölümündə sovet hərbçilərini və SSRİ-nin siyasi rəhbərliyini günahlandırıb. 2016-cı ildə yanvar hadisələri ilə bağlı iş məhkəməyə verilib. Məhkəmə heyəti bir neçə dəfə şahid qismində telefonla Qorbaçovla əlaqə salmaq istəsə də, bu cəhdləri baş tutmayıb.
Qeyd edək ki, Mixail Qorbaçov həm də 1990-cı il yanvarın 20-də Bakıda sovet hərbçiləri tərəfindən törədilmiş qırğının müəllifi və sifarişçisidir. Eyni zamanda, o illərdə Azərbaycan ərazilərində baş qaldırmış separatizmin səbəbkarlarından biridir.