PKK terror təşkilatının Yunanıstanın Lavrion bölgəsindəki düşərgəsi yunan Silahlı Qüvvələri tərəfindən qorunur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Lavrionda təlim keçdikdən sonra İraqda Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu K.T. düşərgənin yerləşdiyi ərazinin Yunanıstan ordusu tərəfindən hərbi qadağa zonası çərçivəsində mühafizə edildiyini bildirib.
K.T. düşərgədə Camal adlı terror təşkilatı üzvü ilə görüşdüyünü və PKK-ya qoşulmaq qərarına gəldiyini deyib. Camal tərəfindən ona saxta Yunanıstan pasportu verildiyini və 14 gün ideoloji təlimdən keçdiyini söyləyib.
Terrorçu düşərgədə müxtəlif dərnək və qurumlar adı altında təşkilati fəaliyyətlər aparıldığını iddia edib. Həmçinin bildirib ki, Lavrion düşərgəsi PKK-ya yeni üzvlər cəlb etmə və suriyalı qaçqınlar arasında ideoloji təbliğat aparma, Avropa ölkələri, Suriya və İraq arasında paylama məntəqəsi kimi istifadə olunur.
Düşərgədə MLKP terror təşkilatı üzvlərinin də olduğunu deyən K.T. Lavrionda ideoloji təlimdən keçdikdən sonra Yunanıstandakı başqa düşərgəyə aparıldığını və orada 1 həftə qaldığını qeyd edib.
Terror təşkilatı rəhbərliyinin Avropa və xüsusilə Yunanıstandan aldığı dəstək sayəsində saxta yunan pasportları ilə qitənin başqa ölkələrindəki PKK simpatizanlarını bu düşərgəyə gətirdiyini iddia edib. O, burada terrorçulara saxta Səudiyyə Ərəbistanı pasportları verilərək, Dubay (BƏƏ) üzərindən İraq və Suriyadakı düşərgələrə göndərildiyini söyləyib.