Türkiyə müxalifətinin “Altılıq” blokunun prezidentliyə namizədinin kim olacağı hələ də bəlli deyil. Bir araya gəldikləri gündən blokda təmsil olunan siyasi liderlərin hər biri ya öz namizədini, ya da özünü namizəd kimi irəli sürməyə çalışır.
Teleqraf.com xəbər verir ki, “Altılıq”dakı liderlərdən biri, Səadət partiyasının sədri Təməl Karamollaoğlu da bu haqda danışıb.
Türkiyənin 11-ci prezidenti Abdullah Gülün namizədliyi ilə bağlı açıqlama verən Karamollaoğlu deyib: “Keçən dəfə Abdullah bəyin namizədliyini irəli sürdüm və qəbul olundu. Amma yekdil fikrə gəlmək mümkün olmadı. Çünki öz namizədliyini irəli sürənlər vardı”.
Siyasətçi həmin vaxt İyi partiya başqanı Maral Akşənərin onun təklifinə etiraz etdiyini bildirib.
Bununla belə, Karamollaoğlu Gülün “Altılıq” blokunun namizədi ola biləcəyini iddia edib:
“Hesab edirəm ki, Abdullah bəyin bu gün belə təəssürat yaradacaq addımlar atması mənfi deyil, müsbət haldır. Abdullah bəyin təcrübəsi var. Onun bu məsələdə mövqeyi də aydındır. Keçən dəfə dedi ki, yekdil fikir olarsa, namizəd ola bilər. Bir sözlə, onun namizədliyi məsələsi gündəmə gələ bilər, bu mənə qəribə gəlmir”.
Gələn il keçiriləcək seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasından ibarət “Cümhur İttifaqı” blokunun namizədi Prezident Rəcəb Tayyib Ərdoğan olacaq.