Yunanıstan Türkiyənin pilotsuz uçan aparatlarını (PUA) “yeni təhlükə” adlandırdıqdan sonra hava məkanında dron narahatlığına qarşı "qalxan" qurmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstanın “Katmerini” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Türkiyə ilə açıq qarşıdurmadan qorxan Yunanıstan “ölümcül” olaraq xarakterizə edilən türk PUA-larına qarşı müdafiə sistemi axtarışındadır. Afinanın PUA sənayesi yaratmaq, türk dronlarına qarşı Egey dənizində qalxan qurmaq üçün səy göstərdiyi, Yunanıstan Müdafiə Nazirliyinin isə mümkün hücumlara qarşı hazırlıq gördüyü bildirilib.
İyulda Yunanıstan mətbuatında Afinanın xüsusilə adalarda və ölkənin strateji bölgələrində türk PUA-larına qarşı İsrail istehsalı “Dəmir Günbəz” müdafiə sistemi qurmağa başladığı iddia edilib.
“Katmerini” Türkiyənin dronlarla Yunanıstanın hava məkanını pozduğu iddiasını da dilə gətirib. Qəzetin yazdığına görə, dünya şöhrətli türk dronları Yunanıstanın hava məkanına 24 dəfə daxil olub.
Avqustun son günlərində Türkiyənin Rodos adasından təxminən 3000 metr qərbdə uçan F-16 təyyarəsinin Yunanıstanın Kritdə yerləşdirdiyi S-300 müdafiə sistemi ilə kilidlədiyi açıqlanıb. Ankara Afinanın Egey dənizində NATO missiyasını riskə atdığını bildirib. Olayla bağlı Türkiyə tərəfindən NATO-ya məlumat verilib.
Bu təxribatçı addımının Türkiyə tərəfindən ifşa edilməsindən sonra qorxuya düşən Yunanıstan tez-tez Ankaranın S-400 sistemlərini işə salmağa hazırlaşdığı iddiasını təkrarlamağa başlayıb.