4 Sentyabr 2022 14:28
2 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ liderliyindəki koalisiya qüvvələri Suriyanın Dəra, Süveyda və Quneytra şəhərlərinə ağır silahlar, sursatlar və döyüşçülər göndərir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Türk nəşrinin məlumatına görə, İordaniya sərhədindəki Əl-Tanfı öz bazası kimi istifadə edən koalisiya qüvvələri cənubda açılacaq cəbhə üçün 30 min nəfərlik yeni ordu qurur. Yeni döyüş hazırlığı çərçivəsində Ruqban düşərgəsində “Məqavir əs-Səvra”, “Əl-Balus” və “Xaldun əz-Zubi” qruplaşmaları başda olmaqla bir çox müxalif qrupların yer aldığı müştərək əməliyyat qərargahı yaradılıb.

Bölgədə genişmiqyaslı döyüş hazırlığının aparıldığını bildirən müxaliflər yeni briqadaların yaradıldığını bildirirlər. Dəra-Quneytra-Süveyda-Tanf xəttindən Bəşər Əsəd və İran qüvvələrini hədəf alacaq hücumlara Süveydadakı dürzi birləşmələri də dəstək verəcək. Eyni zamanda, koalisiya qüvvələri Suriyanın müxtəlif bölgələrindəki silahlı qruplaşmalara birgə döyüşmək təklifi verib.

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndələri suriyalı müxalif döyüşçülərə 1100 dollar maaş vəd edib. Məlumata görə, Suriya daxili və xaricində yaşayan və koalisiyanın təklifini qəbul edən müxalif əsgər və zabitlər İordaniya üzərindən bölgəyə hərəkət etməyə başlayıblar.

Ruqbanda keçirilən toplantıda ABŞ və müttəfiqləri bölgənin 8-14 ay ərzində rejim və İran qüvvələrindən təmizlənə biləcəyini bildiriblər. Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) nümayəndələrinin qatıldığı toplantıda ilk dəfə “muxtariyyət” ifadəsi də səsləndirilib, Süveyda-Kuneytra-Dəra xəttinin muxtar quruluş olaraq tanınacağı deyilib.

Muxtariyyətlə yanaşı, müxaliflərə istədikləri silah-sursat, zenit sistemlər və texnikalar da vəd olunub.

Bölgədəki prosesləri “Türkiyə”yə şərh edən istefada olan briqada generalı Fahri Erenel Qərb qüvvələrini aktivləşdirən əsas amilin Ankara-Dəməşq yaxınlaşması ehtimalı olduğunu deyib:

“Türkiyənin PKK-PYD terror dəhlizinə müdaxiləsinin qarşısını almağa çalışanlar Yunanıstanı təxribata çəkərək bütün enerjimizi Egeyə yönəltməyə cəhd göstərirlər. Hədəfləri Suriyanı parçalamaqdır”.

Erenelin sözlərinə görə, bu addım müharibə və xaosu uzun müddət saxlamaq və yaymaq strategiyasının bir hissəsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər