Bu ilin mart ayına qədər münasibətlərin normal olduğu Ankara-Afina xəttində gərginlik davam edir. Prezident Ərdoğanın həftəsonu qatıldığı tədbirdə Yunanıstanla bağlı sərt ifadələr işlətməsindən sonra Afina rəhbərliyinin hansı yolla gedəcəyi bəlli olub.
Teleqraf.com xəbər verir ki, Yunanıstan rəsmiləri Ərdoğanın açıqlamalarına reaksiya verərkən, xarici işlər naziri Nikos Dendias məsələnin NATO-da öz əksini tapacağına işarə edib. Bunun səbəbi Yunanıstan hakimiyyətinin Ərdoğana daha ehtiyatlı yanaşmasıdır.
Yunanıstanın “Kathimerini” qəzeti Türkiyə ilə gərgin münasibətlərin bir müddət də belə davam edəcəyini proqnozlaşdırdığınə bildirib:
“Hökumət rəsmiləri Türkiyə ilə yüksək gərginlik dövrünə hazırlaşıblar və bu prosesin ən tez 2023-cü ilin iyununda Türkiyədə keçiriləcək seçkilərə qədər davam edəcəyi gözlənilir”.
Türkiyənin tonunun getdikcə yüksəldiyini və Yunanıstanı təhdid edən səviyyələrə çatdığını iddia edən xəbərdə vurğulanıb ki, Yunanıstan hökuməti bilərəkdən bu cür açıqlamalara cavab verməmək taktikasını seçib.
Qəzet iki ölkə arasında ünsiyyətin məhdud olduğunu da yazsa da, müdafiə nazirləri Hulusi Akar və Nikos Panagiotopoulos arasında vaxtaşırı görüşlər olduğunu xatırladıb.
Xatırladaq ki, həftəsonu Samsunda qatıldığı tədbirdə çıxış edən prezident Ərdoğan Yunanstana sərt xəbərdarlıq edib:
"Ey yunan, tarixə bax, tarixə qayıt, çox uzağa getsən, qiyməti ağır olacaq. Yunanıstan üçün bircə cümləmiz var, İzmiri unutma. Adaların işğalı bizi bağlamır. Zamanı gələndə nə lazımdırsa edəcəyik. Necə deyərlər, bir gecə qəfil gələ bilərik”.