“Türkiyə bizim üçün şübhəsiz dost ölkədir. Beynəlxalq siyasət, siyasi məsələlər, ticarət və iqtisadi əməkdaşlıq baxımından çox əhəmiyyətli tərəfdaşdır”.
Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Türkiyə ilə Rusiya arasında Ukrayna ilə bağlı fikir ayrılıqlarının olduğunu bildirən Peskov əlavə edib ki, Ukrayna ilə bağlı müxtəlif mövzularda fərqli yanaşmalarımız var:
“Ukrayna ilə bağlı məsələlərdə Türkiyənin yanaşması ilə razı deyilik, lakin türk tərəfdaşlarımıza arqumentlərimizi və nəyə əmin olduğumuzu səbirlə çatdırmağa davam edirik”.
Türkiyənin Rusiyaya qarşı sanksiyalarda iştirak etmədiyinə diqqət çəkən Peskov əlavə edib ki, Türkiyə Rusiyaya qarşı qeyri-qanuni sanksiyalarda iştirak etməyib və öz suveren müstəqil siyasətini həyata keçirir: “Rusiya və Türkiyənin siyasət və iqtisadiyyat sahəsində əməkdaşlıqda böyük potensialı var. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və fayda prinsipləri əsasında qurulub. Rusiya Prezidenti Vladimir Putin də Türkiyənin taxıl da daxil olmaqla Ukrayna ilə bağlı vasitəçilik səylərini yüksək qiymətləndirib".