“Kişinyov Tiraspolla (Dnestryanıdakı separatçı rejim – red.) danışıqlara yanaşmasını dəyişməyincə Dnestryanı münaqişəsinin nizamlanmasında irəliləyiş gözləmək olmaz”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, xarici işlər naziri Sergey Lavrovun məsələ ilə əlaqədar açıqlamasına Moldova XİN-in reaksiyasına diqqət çəkib və Kişinyovu vəziyyəti gərginləşdirməkdə günahlandırıb.
Zaxarova vurğulayıb ki, Kişinyovun bu cür bəyanatları Dnestryanı problemin mahiyyətini təhrif edir.
Onun sözlərinə görə, bölgədə “sülhməramlı əməliyyat” və ya Kolbasnadakı sursat anbarlarının mühafizəsi məqsədilə Rusiya qoşunlarının Dnestr çayının sol sahilində olması həll edilməmiş problemin nəticəsidir:
“Dnestryanı münaqişəsinin nizamlamlanması prosesindəki hazırkı çıxılmaz vəziyyət tamamilə başqa səbəblə izah olunur. Kişinyov müxtəlif bəhanələrlə Tiraspolun münaqişənin sülh yolu ilə hərtərəfli həll edilməsi prinsipləri üzrə substantiv danışıqlara başlamaq üçün dəfələrlə etdiyi çağırışlara müsbət cavab vermir”.
Bundan əvvəl Lavrov bildirib ki, tanınmamış Dnestryanı Respublikada rus sülhməramlılarının təhlükəsizliyini təhdid edəcək istənilən addım Rusiyaya hücum kimi qiymətləndiriləcək. Lavrov Moldovaya Gürcüstanın Cənubi Osetiya münaqişəsini güc yolu ilə həll etmək qərarından sonra baş verənləri xatırladıb.