Albaniya Nazirlər Kabinetinin bəyanatında intensiv kiberhücumlara cavab olaraq İranla diplomatik əlaqələrin dayandırılmasına qərar verildiyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Albaniya Baş naziri Edi Rama hökumətin İranla diplomatik əlaqələri kəsmək qərarı ilə bağlı açıqlama verib.
Aparılan araşdırmaların ölkəsinə qarşı kiber-təcavüzün İran tərəfindən həyata keçirildiyi və dəstəkləndiyinə dair təkzibedilməz sübutlar təqdim etdiyini bildirən Rama deyib:
“İyulun 15-də ölkəmiz Albaniya hökumətinin rəqəmsal infrastrukturunu məhv etmək, dövlət xidmətlərini iflic etmək, dövlət sistemlərindən məlumat və elektron əlaqə məlumatlarını oğurlamaq məqsədi daşıyan kütləvi kiberhücumun hədəfi olub. Hücumda məqsədə nail olunmayıb. Təcavüzkarın hədəflədiyi ilə müqayisədə zərərlər kiçik hesab edilə bilər. Sistemlər bərpa olunub”.
Albaniya Nazirlər Kabinetinin İranla diplomatik əlaqələri dərhal kəsmək qərarına gəldiyini qeyd edən Rama bunun İran səfirliyinə rəsmi nota ilə çatdırıldığını, təhlükəsizlik işçiləri də daxil olmaqla, bütün diplomatik və texniki personalın 24 saat ərzində Albaniyanı tərk etməsinin tələb olunduğunu bildirib.