Bu günlərdə İrəvanda keçirilən “Starmus” qlobal elm və incəsənət festivalında qalmaqal yaşanıb, Nikol Paşinyanın mühafizəçiləri “Naked Science” - Rusiyanın elmi-populyar nəşrinin yaradıcısı Ruslan Martirosyanı zaldan çıxarıblar.
Teleqraf.com xəbər verir ki, insidentlə bağlı hadisəni Martirosyanın özü erməni mediasına açıqlayıb.
Martirosyan bildirib ki, akkreditasiyanı ilk alanlardan olmasına baxmayaraq, festivala düşə bilməyib. Onun sözlərinə görə, girişdə qonaqların qəbulunun təşkili o qədər bərbad olub ki, o, mühafizəçilərə irad bildirməli olub və onlar buna sərt reaksiya verib. Nəticədə mühafizəçilər Martirosyanı güc tətbiq edərək məkandan qovublar.
Jurnalist əmindir ki, onu qovanlar dövlət təhlükəsizlik xidmətinin əməkdaşları olub.
“Naked Science” nəşriyyatının məlumatına görə, mühafizəçilər ilk dəqiqələrdən kobud davranıblar. Media nümayəndələrinin yalnız saat 16:00-dan sonra içəri daxil ola biləcəyini əsas gətirərək binaya buraxmayıblar.
“Mən onlara döş nişanımı göstərdim, dedim ki, festivalın nümayəndələri medianın saat 16:00-a qədər işləyə biləcəyinə inandırıblar. Cavabında çox kobud tonda “yox” dedilər və məndən çıxıb saat 16:00-dan sonra gəlməyimi tələb etdilər”, – Martirosyan bildirib.
Ruslan festivalın mühafizə xidməti tərəfindən qorunan digər girişdən binaya daxil ola bilib. Martirosyan yenidən onu qovmuş mühafizəçilərə yaxınlaşaraq irad tutaraq bildirib ki, mətbuatla belə böyük tədbirdə bu formada danışmaq mümkün deyil.
“Mən onlarla erməni dilində danışdım, ona görə də elə bildilər ki, mən erməni mediasının nümayəndəsiyəm və bundan sonra münaqişəni adi qaydada, çox reklam etmədən həll edə bilərlər”,- Martirosyan etiraf edib.
Jurnalistin sözlərinə görə, bundan sonra bir neçə mühafizəçi dərhal ona hücum edib. Onlar yenə kobud şəkildə onu mühafizə otağına qədər müşayiət etməyə çalışıblar. Martirosyan döyülə biləcəyindən qorxub və diqqəti cəlb etmək üçün ucadan qışqırmağa başlayıb. Bundan sonra o, faktiki olaraq tədbirin keçirildiyi binadan qovulub.
Amma elə həmin gün axşam festivalın təşkilatçıları Martirosyanı yenidən festivalı işıqlandırmaq üçün dəvət ediblər.