Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində baş tutacaq Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində keçirilməsi gözlənilən Rusiya və Türkiyə prezidentlərinin görüşü ilə bağlı Kremldən açıqlama verilib.
Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov görüşlə bağlı hazırlığın davam etdiyini bildirib.
“Səmərqənddə keçirilməsini gözlədiyimiz Putin-Ərdoğan görüşü mümkündür, zəruridir və artıq hazırlanır. Bu görüşün həqiqətən də vaxtı gəlib. İstanbulda əldə edilmiş taxıl müqaviləsinin həyata keçirildiyini görürük. Onu da görürük ki, bu yoxsul ölkələrə heç bir fayda vermir, çünki bu ölkələrə cəmi iki gəmi göndərilir”, - Peskov vurğulayıb.
Bunun Putin və Ərdoğanın müzakirə edəcəyi ilk məsələ olacağını söyləyən Kremlin sözçüsü Rusiyanın ərzaq məhsullarının beynəlxalq bazarlara çıxışı haqda da danışılacağını qeyd edib.