ABŞ Ukraynaya göndərdiyi silah ehtiyatını artırmaq üçün təxminən 1,2 milyard dollarlıq müqavilələr imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin tədarük və təchizat üzrə müavini Bill Laplante məlumat verib.
O izah edib ki, Ukrayna üçün ABŞ hərbi hissələrindən xeyli texnika götürüldüyü üçün indi bu texnika öz döyüş hazırlığını saxlamaq üçün dəyişdirilməlidir.
Təxminən 352 milyon dolların Javelin raketlərinin dəyişdirilməsinə, 624 milyon dolların Stinger raketlərinin alınmasına, 33 milyon dolların isə HIMARS sistemlərinin dəyişdirilməsinə gedəcəyi güman edilir.
Hazırda USAI (Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü) çərçivəsində Ukraynaya vəd edilmiş avadanlıqlar, o cümlədən 155 mm-lik sursat, Switchblade pilotsuz uçuş sistemləri, radar sistemləri və taktiki maşınlar üçün daha 1,2 milyard dollarlıq müqavilələr icra olunur.
Laplante bildirib ki, o, sentyabrın 28-də milli silah direktorları ilə görüşərək qlobal müdafiə sənayesi bazasının Ukraynanı həm indi, həm də gələcəkdə dəstəkləməyə davam edə biləcəyini müzakirə edəcək. Onun sözlərinə görə, tədarük zəncirinin qlobal mənzərəsinin inkişafı gündəmdədir.
Xatırladaq ki, sentyabrın 8-də ABŞ Ukraynaya 675 milyon dollar məbləğində əlavə hərbi yardımın ayrılmasını təsdiqləyib.