12 Sentyabr 2022 13:18
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dövlət başçılarının sammitində iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, Ərdoğan sammitə rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə qatılacaq.

Sammitdə ŞƏT üzvləri Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Hindistan və Özbəkistanla yanaşı, təşkilatın müşahidəçiləri Belarus, Monqolustan və İran, həmçinin Türkmənistan, Azərbaycan və Ermənistan liderləri də iştirak edəcək.

Liderlərlə ikitərəfli görüşlər keçirəcək Ərdoğanın Putinlə təması diqqət mərkəzində olacaq.

Üzbəüz görüşdə əsas gündəm məsələsi taxıl dəhlizi olacaq. Putinin “taxıl təəssüf ki, zəngin ölkələrə gedir” mesajından sonra Ərdoğan yenə də Türkiyənin koordinasiyası ilə Rusiya məhsullarının gəmilərlə dəhlizdən göndərilməsini istəyəcək.

Ərdoğan-Putin görüşünün ən kritik mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq. Ərdoğan rusiyalı həmkarına Türkiyənin vasitəçilik təşəbbüsləri çərçivəsində müharibəni bitirmək və daimi atəşkəsə nail olmaq üçün əlindən gələni etməyə davam edəcəyini çatdıracaq. Liderləri Türkiyədə bir araya gətirmək təklifini Putinə təkrarlayacaq Prezident Ərdoğan diplomatik həll yolunun vacibliyini vurğulayacaq. İki liderin görüşündə Suriyaya qarşı mümkün hərbi əməliyyatın da gündəmdə olacağı gözlənilir.

Ərdoğanın Səmərqənddən sonra növbəti dayanacağı ABŞ olacaq. Türkiyə lideri BMT Baş Assambleyasının 17-22 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək sammitində iştirak edəcək. Sentyabrın 20-də Baş Assambleyada çıxış edəcəyi gözlənilən Ərdoğan Rusiya-Ukrayna müharibəsindən taxıl daşınmasına, terrorla mübarizədən Yunanıstanla gərginliyə qədər kritik mövzularda dünyaya mesajlar verəcək.

Görüş çərçivəsində Ərdoğanın bir çox dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. Görüşlərdə Ərdoğanın Rusiya-Ukrayna müharibəsi, taxıl dəhlizi, Şərqi Aralıq dənizi və Suriyada baş verənlər, BMT-də islahat təklifi ilə bağlı mesajlar verməsi gözlənilir.

Ərdoğanın BMT-dəki təmasları çərçivəsində ABŞ pPrezidenti Co Baydenlə görüşü də gündəmdədir.

ABŞ təmaslarında masanın ən mühüm mövzuları F-16 məsələsi, Vaşinqtonun Suriyadakı terror təşkilatlarına dəstəyi, SDQ terror təşkilatı ilə birgə təlim və Yunanıstanın Egey dənizindəki təxribatları olacaq. Ərdoğan Türkiyənin F-16 məsələsi ilə bağlı tələblərinin yerinə yetirilməsini və Suriya da daxil olmaqla terror təşkilatlarına verilən dəstəyin dayandırılmasını tələb edəcək.

Ərdoğanən sentyabrın 19-da Kraliça II Elizabetin dəfn mərasiminə qatılmaq üçün Böyük Britaniyaya gedəcəyi də planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər