Kadırov Ukraynanın şərqindəki kritik təchizat mərkəzi olan İzyumun qarşı tərəfə keçməsindən sonra Rusiya ordusunu tənqid edib.
Teleqraf.com xəbər verir ki, Kadırov Rusiya Prezidenti Vladimir Putinin yerlərdəki vəziyyətdən xəbəri olmadığına işarə edib və bütün günahı generalların üzərinə atıb.
“Əgər bu gün və ya sabah xüsusi hərbi əməliyyatla bağlı dəyişiklik edilməsə, mən Kremlə yerdəki vəziyyəti izah etməli olacağam”, - deyə Kadırov bildirib.
Əlavə edib: “Mən Müdafiə Nazirliyində işləmirəm və strateq də deyiləm. Amma burada səhvləri görə bilirəm. Səhv etdikləri aydındır. Ümid edirəm ki, onlar qısa müddətdə lazımi nəticəni çıxara bilərlər”.
Ukraynanın şimal-şərqindəki vəziyyətlə bağlı Kadırov əlavə edib: “Orada belə vəziyyətlərə xüsusi hazırlanmış döyüşçülərimiz var. Onlara daha 10 min əlavə olunacağını gözləyirik. Biz ən qısa zamanda Odessaya çatacağıq”.
Ukrayna ordusu ölkənin şərqindəki əks-hücum zamanı Rusiyadan 3000 kvadrat kilometrdən çox ərazini geri aldığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi də şənbə günü qoşunların Ukraynanın şərqindəki İzyum, Balakliya və Kupyansk şəhərlərindən çıxarıldığını vurğulayıb.