Qırğızıstan sentyabrın 14-də Tacikistanla sərhəddə baş vermiş silahlı qarşıdurmanı “qarşı tərəfin təxribatı” adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin yaydığı məlumatda deyilir.
“Münaqişə növbəti dəfə Tacikistan tərəfi tərəfindən qızışdırılıb. Bunu sentyabrın 8-dən başlayaraq, Tacikistanın Müstəqillik Günündə ictimai-siyasi sabitliyin təmin edilməsi bəhanəsi ilə Tacikistan tərəfinin xüsusi təyinatlı qüvvələrini Vorux anklavına köçürməsi kimi əvvəllər də atılmış təxribat xarakterli addımları sübut edir. Həmçinin qarşı tərəf Qırğızıstan-Tacikistan dövlət sərhədinin şərti xətti yaxınlığında atəş mövqeləri qoyub”, - açıqlamada bildirilir.
Komitə qeyd edir ki, Qırğızıstan tərəfi qanunsuz addımların qarşısını almaq üçün dəfələrlə Tacikistanla müxtəlif səviyyələrdə danışıqlar aparıb.
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi bir daha Tacikistan tərəfini bütün sərhəd problemlərini və məsələlərini müstəsna olaraq dinc yolla və danışıqlar masası arxasında həll etməyə çağırıb.
Bişkekin verdiyi məlumata görə, sentyabrın 14-də tacik sərhədçiləri Qırğızıstanın Batken vilayətinin Bulaqbaşı ərazisinə daxil olaraq döyüş mövqelərini tutublar. Qırğızıstan hərbçilərinin ərazini tərk etmək tələbinə cavab olaraq Tacikistanın sərhədçiləri atəş açıb, ardınca qarşıdurma baş verib.
Bir neçə saat sonra Batken bölgəsinin digər iki istiqamətində də toqquşamalar olub. Qırğızıstan tərəfi iki hərbçi və üç mülki şəxsin yaralandığını bildirir.