16 Sentyabr 2022 08:00
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi Vaşinqton və Ankara arasında Strateji Mexanizm məsləhətləşmələrinin üçüncü raundu ilə bağlı birgə bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda məsləhətləşmələrin Vaşinqtonda Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal və ABŞ dövlət katibinin köməkçisi Vendi Şerman arasında keçirildiyi bildirilib.

Məsləhətləşmələrdə dövlət katibinin müşaviri Viktoriya Nulandın da iştirak etdiyi deyilən bəyanatda iki NATO müttəfiqi arasında möhkəm əməkdaşlıq, ikitərəfli münasibətlər, strateji və qlobal əlaqələr təsdiq edilib, bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldığı qeyd edilib.

Bəyanatda, görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələrin əsasını təşkil edən dərin iqtisadi, təhlükəsizlik, mədəni və sosial əlaqələrin nəzərdən keçirildiyi vurğulanıb və tərəflərin beynəlxalq sülh və sabitliyi dəstəkləmək üçün birgə öhdəlikləri təsdiqlənib. Türkiyə ilə ABŞ arasında sarsılmaz müdafiə tərəfdaşlığını daha da inkişaf etdirmək və gücləndirmək üçün ikitərəfli ticarət əlaqələrinin son zamanlar artımından məmnun olduqları ifadə olunub. Bütün sahələrdə iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.

Tərəflər regionda baş verən siyasi proseslər, transatlantik əlaqələrin möhkəmləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıblar. Terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizənin zəruriliyi vurğulanıb.

Görüşdə Ukrayna, Yaxın Şərq, Afrika və Cənubi Qafqazdakı (Ermənistan-Azərbaycan məsələsi) son gəlişmələr müzakirə edilib. Sözügedən bölgələrdə sülhün təşviq edilməsinin vacibliyi vurğulanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər