Qırğızıstan və Tacikistan nümayəndələri arasında danışıqlar aparılıb, sərhədin ümumi hissəsində atəşkəs barədə razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Atəşin dayandırılması və münaqişənin daha da genişlənməsinin qarşısının alınması məqsədilə Qırğızıstan Sərhəd Xidmətinin rəisi general-mayor Ularbek Şarşeyevlə Tacikistan Sərhəd Qoşunlarının komandanı general-polkovnik Rəcəbali Rəhmonali arasında görüş olub. Danışıqlar zamanı generallar bu gün səhər saatlarından atəşkəs barədə razılığa gəliblər.
Qırğızıstan tərəfinin iddiasına görə, anlaşmaya baxmayaraq, Tacikistan sərhədçiləri ölkənin mövqelərini atəşə tutmağa davam edir.
Qırğızıstan tərəfi bildirir ki, Tacikistan qüvvələri bu gün gecə saatlarından ölkənin sərhəd bölgələrindəki yeddi rayonunu və zastavalarını atəşə tutmağa başlayıb.
Sentyabrın 14-də iki dövlətin sərhədində vəziyyət gərginləşib. Qırğızıstan tərəfinin bildirdiyinə görə, tacik sərhədçiləri Qırğızıstanın Batken vilayətinin sərhəd zonasına daxil olaraq döyüş mövqelərini tutublar. Ərazini tərk etmək tələbinə cavab olaraq Tacikistanın sərhədçiləri atəş açıb, ardınca qarşıdurma başlayıb.