Rusiya-Ukrayna müharibəsi maraqlı insan hekayələrinə səhnə olmaqda davam edir. Bu dəfə Ukraynanın keçmiş gözəllik kraliçası Yevgeniya Prokopenko podiumları tərk edərək cəbhəyə yollanıb.
Teleqraf.com xəbər verir ki, 2012-ci ildə ölkəsinin “Gözəllik Kraliçası” seçilən Prokopenko Ukrayna ordusuna feldşer kimi yazılıb.
Yevgeniya cəbhədə də makiyaj çantasını yanında gəzdirdiyini deyib.
“Hansı bunkerdə olmağımdan asılı olmayaraq, əsgər çantamda həmişə güzgü və ətirli makiyaj qabı gəzdirirəm”, - Yevgeniya söyləyib.
Prokopenko bildirib ki, onun mülki həyatı ilə hərbi həyatı arasında böyük fərqlər var: “Öz işim vardı. Formam iş paltarım və dikdaban idi”.
Keçmiş model bildirib ki, indi kobud hərbi paltar geyinir və dəbilqə taxır.
Aktiv döyüşlərin getdiyi yerlərdə olduğunu bildirən Yevgeniya bildirib:
“Cəbhə xəttindəyəm. “Qırmızı zonalar”dan yaralıları təxliyə edirəm. İlkin tibbi yardım göstərirəm. Bunu altı ay əvvəl kimsə mənə desəydi, inanmazdım. İndi səngərlərdə, bunkerlərdə, zirzəmilərdə yatıram. Atəş altında qalan insanları xilas edirəm. Həyatım altı ay əvvəllə müqayisədə kəskin şəkildə dəyişib”.
Prokopenko qeyd edib ki, bu müddət ərzində cəbhə yoldaşlarının həlak olduğunu da görüb:
“Cəbhədəki dostunuzun ölümü və ya yaralanması kimi pis hadisələr baş verəndə dişlərinizi sıxıb, lazım olanı edirsiniz”.