“Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq istəyirsə, NATO üzvü olmamalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatındakı (ŞƏT) xüsusi nümayəndəsi Bəxtiyar Hakimov deyib.
Rusiya rəsmisi Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin ŞƏT-ə üzvlüyü ilə bağlı açıqlamasına münasibət bildirib.
Hakimovun sözlərinə görə, Türkiyə uzun müddətdir dialoq tərəfdaşı kimi ŞƏT-in fəaliyyətlərində iştirak edir:
“Müraciət daxil olarsa, diqqətlə müzakirə ediləcək. Hazırda heç bir müraciət almamışıq”.
Hakimov onu da deyib ki, Türkiyə ŞƏT-ə üzv olması üçün bir sıra meyarlara cavab verməli, məsələn, NATO üzvü olmamalıdır:
“Yeni üzvlərin qəbulu üçün bir sıra meyarları özündə əks etdirən əsasnaməmiz var. Bu meyarlara Avrasiya regionunda yer almaq, aktiv diplomatik və ticarət-iqtisadi münasibətlərə malik olmaq, ŞƏT-ə üzv dövlətlərlə mədəni əlaqələrə malik olmaq, ŞƏT ölkələri ilə münaqişədə olmamaq, xarici münaqişələrə cəlb edilməmək, BMT Təhlükəsizlik Şurasının sanksiyalarına məruz qalmamaq, həmçinin ŞƏT üzvlərinə qarşı düşmənçilik və ya onlara qarşı fəaliyyət göstərmək və bloklarda yer almamaq daxildir”.
Hakimov bildirib ki, Türkiyə Rusiyanı bir nömrəli düşmən elan etmiş NATO-nun üzvüdür. Rusiya rəsmisi qeyd edib ki, Türkiyə ilə ŞƏT-i birləşdirən bütün müsbət cəhətlərlə yanaşı, diqqətlə araşdırılmalı olan amillər də var.