Pakistan və İndoneziyadan olan diplomatik nümayəndə heyətləri bu həftə gizli şəkildə İsrailə gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə İsraildə nəşr olunan “Yerusəlim Post” qəzeti məlumat yayıb.
Pakistan nümayəndə heyətinə keçmiş baş nazir Pərviz Müşərrəf hökumətində dövlət naziri olmuş Nasim Əşrəf başçılıq edir.
İsrailə səfəri zamanı pakistanlı nümayəndə heyətinə İsrail üzrə turlar təşkil olunub. Onların bu həftənin sonunda Prezident İshaq Hersoqla da görüşü planlaşdırılır.
Məlumatda o da qeyd edilir ki, nümayəndə heyətinə Karaçidə yaşayan bir jurnalist daxildir.
Pakistanlı jurnalist Əhməd Qureyşi iyunda İsrailə səfər etdiyi üçün Pakistanın dövlət televiziyasındakı işindən qovulmuşdu.
İsraildəki İndoneziya nümayəndə heyətinə “yuxarı vəzifəli şəxs” başçılıq edir. Dünyada ən çox müsəlmanın yaşadığı ölkənin Təl-Əvivə diplomatik heyət göndərməsi ilə bağlı xəbər İsrail-İndoneziya münasibətlərinin istiləşməsi fonunda yayılıb.
2021-ci ilin son bir neçə ayında keçirilən bir sıra görüşlər, verilən bəyanatlar və hesabatlar göstərir ki, İsrail və İndoneziya ticarət və turizm sahəsində əməkdaşlığa bir qədər də yaxınlaşıb.
ABŞ dövlət katibi Entoni Blinken də ötən ilin dekabrında Cakartada rəsmilərlə görüşdə İndoneziyanın İsraillə diplomatik münasibətlərini normallaşdırması ehtimalını gündəmə gətirmişdi.