Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş 77-ci Baş Assambleyasının açılışında Türkiyənin dəstəyi ilə əldə edilən taxıl sazişini yüksək qiymətləndirərək, razılaşmanın dünya üçün ümid və möcüzə olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, Quterreş bənzərsiz və əhatəli bir təşəbbüslə taxıl gəmilərinin döyüş bölgəsini tərk edə bildiyini ifadə edib.
“Ukrayna və Rusiya Türkiyənin dəstəyi ilə böyük mürəkkəbliyə, mharibəyə baxmayaraq bir araya gələrək uğur qazandılar. Bəziləri bunu möcüzə adlandıra bilər, amma əslində bu, hərtərəfli diplomatiyadır”, - Baş katib deyib.
BMT Baş katibi çıxışı zamanı qlobal ərzaq böhranından danışıb, əməkdaşlıq və dialoqun “yaşadığımız dünyada yeganə yol” olduğunu bildirib.
Quterreş heç bir qlobal problemin təkbaşına həll edilə bilməyəcəyini və dünya koalisiyasına ehtiyac olduğunu bildirib.
Quterreş dünyanın gözlərinin Ukrayna-Rusiya müharibəsinə çevrildiyini, lakin Əfqanıstandan Afrikaya, Liviyadan Suriyaya, İsrail-Fələstin münaqişəsindən Myanma və Yəmənə qədər dünyanın müxtəlif yerlərində problemlərin davam etdiyinə diqqət çəkib.
“Əsasən Afrikada olan 1,6 milyard əhalisi olan 94 ölkə dəhşətli fırtına ilə üz-üzədir. Epidemiyanın iqtisadi və sosial fəsadları, ərzaq və enerji qiymətlərinin artması, borc yükünün artması, sürətlə artan inflyasiya və maliyyə imkanlarının olmaması kimi böhranlar bir-birini qidalandırır, bərabərsizlikləri artırır, çətinliklər yaradır, enerji keçidini gecikdirir və qlobal maliyyə təhlükəsi yaradır”,- Baş katib qeyd edib.
İqlim böhranı ilə mübarizə üçün liderləri qalıq yanacaq şirkətlərinə vergi qoymağa da çağıran Quterreş xatırladıb ki, dünyamız qalıq yanacaqlardan asılıdır və artıq müdaxilə etməyin vaxtıdır.