21 Sentyabr 2022 12:00
1 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şanxay Əməkdaşlıq Təşkilatının son zirvə toplantısı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşən əksər liderlər Rusiya-Ukrayna müharibəsinin dayandırılmasının zərurətini vurğulayıb. Bu görüşləri Vaşinqtonda diqqətlə izləyiblər. ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Çin və Hindistanın Ukraynada müharibə qorxusu savaşı dayandırmaq üçün Rusiyaya təzyiqi gücləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilib.

Mərkəzin ekspertlərinin fikrincə, Çin və Hindistan Rusiya-Ukrayna müharibəsinin ona görə dayandırılmasının tərəfdarıdırlar ki, Asiya bölgəsində oxşar gərginliklər yaşanmasın:

“Vaşinqton da Rusiya-Ukrayna müharibəsinin oxşarının Asiya bölgəsinə sıçramasını istəmir. Ancaq Tayvan adası ətrafında baş verənlər bu bölgədə müharibə ehtimalını artırıb.

“Röyter”in məlumatına görə, Vaşinqton Tayvanla bağlı Çinə qarşı sərt sanksiyaların tətbiqini nəzərdən keçirib. Vaşinqtonun məqsədi yeni sanksiyalar vasitəsilə Pekinin Tayvana gələcək müdaxiləsinin qarşısını almaqdır. Sanksiyalar içərisində Çinlə ticarətin nisbətən məhdudlaşdırılması, investisiyaların azaldılması və telekommunikasiya sahəsində əməkdaşlığın yenidən nəzərdən keçirilməsi yer alır. Tayvan ABŞ-la yanaşı, Avropa İttifaqının da Çinə qarşı sanksiya tətbiqini istəyir. Çünki Çinin Avropa ölkələri ilə sıx ticarət əməkdaşlığı var, böyük investisiya layihələri gerçəkləşdirilir.

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri bu ökə ilə Çin arasında münasibətləri daha da gərginləşdirib. Pelosidən sonra ABŞ-dan Tayvana daha üç nümayəndə heyəti səfər edib”.

Təhlildə qeyd edilib ki, Tayvan Müdafiə Nazirliyi yaxınlıqdakı adalarda istehkamları möhkəmlətməkdə davam edir:

“Məqsəd ada üzərində uçuşlar həyata keçirən Çinə məxsus pilotsuz uçan aparatları zərərsizləşdirməkdir. Çünki son aylarda Çin dronları ada ətrafında uçuşlar həyata keçirirlər. Tayvan hərbçiləri sentyabrın 1-də Çinə məxsus dornlardan birini vurublar. Tayvan və ABŞ hesab edir ki, Çinə məxsus dronların ada ətrafında uçuşları mümkün müharibənin işartısı ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər