Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi İranda başlayan kütləvi etiraz aksiyaları ilə bağlı bəyanat yayıb.
Teleqraf.com xəbər verir ki, bəyanatda Güney Azərbaycanda İranın dini-siyasi rejiminə qarşı etirazlara da diqqət çəkilir.
“Böyük Azərbaycan milləti yenə də ”Azadlıq, ədalət, milli hökumət!”, “Qadın-kişi əl-ələ, zülmün başını əzməyə!”, “Ölüm olsun diktatora!” şüarları ilə faşist fars İran rejiminin zorakılığına qarşı kütləvi etirazını ortaya qoydu. Aparıcı milli-siyasi gücünü nümayiş etdirərək, Güney Azərbaycan coğrafiyasında milli-demokratik dövlətçilik istəyini səsləndirdi.
Kütləvi etirazlarda qadın hüquqları, ekologiya və bütövlükdə Azərbaycan-türk millətinin pozulan milli hüquqlarının müdafiəsi yönündə əsasən türk dilində səsləndirilən milli şüarlar onu göstərdi ki, Güney Azərbaycan Milli Hərəkatı müstəqildir, heç bir irançı xəttə bağlı deyil və olmayacaq.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi olaraq, millətimizdən və xüsusilə də qeyrətli Azərbaycan gənclərindən istəyimiz budur ki, İran rejiminin faşist ideologiyası və təzyiq siyasətinə qarşı kütləvi etirazlarını davam etdirsinlər və milli tələblərini dünyaya türk dilində səsləndirərək çatdırsınlar.
Biz İşbirliyi Mərkəzi olaraq, millətimizin milli-siyasi haqlarına çatması üçün aparığı bu mübarizədə onların yanında olduğumuzu və bütün imkanlarımızdan istifadə edərək onların haqq səsini dünyaya çatdıracağımızı bəyan edirik.
Görüşümüz axşamçağı Güney Azərbaycan şəhərlərinin meydanlarında!”-bəyanatda deyilir.
Bəyanatı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinə daxil olan aşağıdakı təşkilatlar imzalayıblar:
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (DİRƏNİŞ)
Azərbaycan Tələbə Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Demokratik Türk Birliyi (GADTB)