“Almaniya Ukraynadakı müharibənin tərəfinə çevrilməyəcək, amma Kiyevi bundan sonra da dəstəkləyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya müdafiə naziri Kristin Lambrext deyib.
“Həmişə açıq şəkildə bildirmişik ki, Ukraynanı bu dəhşətli müharibəyə qarşı mübarizəsində dəstəkləyirik, onu pulla, həm də silahla dəstəkləyirik. Amma biz müharibənin iştirakçısı olmamaq üçün həmişə diqqətli olacağıq və gələcəkdə də bunu davam etdirəcəyik”, - nazir bildirib.
Eyni zamanda, Lambrext Rusiyanın qismən səfərbərlik elan etməsindən sonra belə, Almaniyadan Ukraynaya döyüş tanklarının verilməsinin mənasız olduğunu söyləyib:
“İndi Ukrayna tankları çox sürətlə alacaq. Yunanıstandan 40, Sloveniyadan 28 tank göndəriləcək, bundan sonra Almaniya bu iki ölkədəki boşluqları aradan qaldırmağa kömək edəcək”.
Bundan əlavə, onun sözlərinə görə, Ukraynanı özüyeriyən haubitsalar və çoxsaylı reaktiv yaylım atəşi sistemləri kimi effektli alman silahları ilə dəstəklənməyə davam edəcəklər.
Dünən Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan etdiyini açıqlayıb.