22 Sentyabr 2022 23:42
2 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Suriya münasibətlərinin normallaşması ilə bağlı bir prosesin başladığı iddiası son günlərdə tez-tez ictimaiyyətin gündəminə gəlir.

Teleqraf.com xəbər verir ki, ötən həftə baş verən hadisələr bu proseslə bağlı müzakirələri dərinləşdirib.

“Röyter”in yaydığı son xəbərdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanın bu yaxınlarda suriyalı həmkarı Əli Məmlüklə Dəməşqdə danışıqlar apardığı iddia edilir.

Türkiyədə isə rəsmi mənbələrdən xəbəri təkzib edən olmayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan isə bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammitində çıxışı zamanı belə bir mesaj verib: “Əsəd Özbəkistana gəlsəydi, onunla görüşərdim”.

Baş verənləri BBC-yə şərh edən Türkiyənin Dəməşqdəki son səfiri olmuş Ömər Önhon prosesin müəyyən yetkinliyə çatdığını bildirib.

Önhona görə, indiki durumda gözlənilən əsas məqam danışıqları siyasi müstəviyə çıxarmaqdır.

Sabiq səfər hesab edir ki, bu xəbər həqiqət kimi qəbul edilə bilər, çünki “Röyter”in xəbəri təkzib edilməyib.

“Prezident Ərdoğanın avqustda Soçidən qayıdarkən verdiyi açıqlamalar və ardınca xarici işlər naziri Mövlud Çavuşoğlunun mesajları Suriya ilə Türkiyə arasında prosesin başladığını açıq şəkildə ortaya qoydu. Prezident bu bəyanatı verdikdən sonra danışıqlar artıq müəyyən həddə çatmışdı. İndi görüş Dəməşqdə kəşfiyyat rəisləri səviyyəsində keçirilir, demək ki, proses müəyyən yetkinliyə çatıb”.

Bununla yanaşı, Türkiyə-Suriya normallaşmasına mane olan problemlərin çox olduğunu bildirən Önhon bununla bağlı əsas dörd əngəli göstərib:

“Birincisi, Türkiyənin müxalifətə dəstək verməsidir. Müxalifət təşkilatlarının siyasi fəaliyyət göstərdiyi yer Türkiyədir.

İkincisi, təhlükəsizliyimiz üçün Suriya ərazisində hərbçilərimiz var. Xarici dövlətin ərazisində yerləşən hərbçilərimizin aqibəti necə olacaq? Təbii ki, Suriyanın bu məsələyə ciddi etirazları var.

Üçüncüsü, YPG məsələsi var.

Dördüncüsü, Türkiyədəki qaçqınların geri qaytarılması gündəmin əsas bəndlərindən biridir. Ancaq geri qaytarmaq o qədər də asan məsələ deyil. Bu insanlar on bir ildir ki, öz vətənlərindən uzaq düşüblər”.

Mövzuların çətinliyinə baxmayaraq, bir yerdən başlamağın lazım olduğunu bildirən Önhon artıq ilk addımın atıldığına inanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər