Qətərlə əldə edilən yeni razılaşma ilə Yunanıstan ordusunun arsenalında da olan “Rafale” döyüş təyyarələri Türkiyədə yerləşdirilə bilər.
Teleqraf.com xəbər verir ki, Türkiyənin “Rəsmi Qəzet”ində dərc olunan qərar dünya mediasının diqqətini çəkib.
Qərara görə, Qətər Hərbi Hava Qüvvələrinin 36 reaktiv təyyarəsi və 250 hərbi qulluqçusu Türkiyə ərazisində Baş Qərargah tərəfindən müəyyən ediləcək hərbi bazalarda yerləşdirilə biləcək.
İki ölkə arasındakı müqavilə 5 il müddətinə qüvvədə olacaq.
2015-ci ildə Qətər və Türkiyə arasında hərbi anlaşma imzalanıb. Bundan sonra Türkiyə Silahlı Qüvvələrinin bölmələri bu ölkədə yerləşdirilib. Hazırda Qətərdə Türkiyənin hərbi bazası var.
Digər tərəfdən, türk qüvvələrinin Qətərə yerləşdirilməsindən sonra daha bir razılaşma əldə edilib. Bu razılaşma ilə Qətər Hərbi Hava Qüvvələrinə aid yük təyyarələri birgə istifadə edilə bilər. Qətərin daşıma qabiliyyəti və uçuş məsafəsi baxımından üstün olan “C-17 Globemaster III” təyyarələri var. Bu təyyarələrlə Türkiyə hərbi qüvvələri həm Qətərə, həm də Liviya kimi uzaq bölgələrə daşınıb. Eyni zamanda, Qətər hərbi təyyarələrinin Türkiyə hava məkanından istifadə etməsi asanlaşdırılıb.
“TRT Haber”ə danışan hərbi ekspert Cem Doğut yeni müqavilənin əlaqələri yeni səviyyəyə daşıdığını düşünür. Müqavilənin məzmununu nəzərə alan Doğut Qətərin Türkiyədə döyüş təyyarələri yerləşdirəcəyini bildirib.
“Əvvəllər ölkəmizə yük daşımaq və ya təlim keçmək üçün gələn Qətər təyyarələri artıq müəyyən müddət ərzində ölkəmizdə yerləşdirilə bilər. Bu razılaşma ilə Qətər hərbi qüvvələrinin bizə qarşı mümkün hücumda Türkiyədə yerləşdirilməsini gözləyə bilərik”, - ekspert deyib.
Müqavilə “Rəsmi Qəzet”də dərc olunduqdan sonra Qətərin Fransadan aldığı “Rafale” döyüş təyyarələri beynəlxalq mediada gündəmə gəlib. Fransanın “Dassault” şirkətinin istehsal etdiyi “Rafale” təyyarələri Türkiyənin bir müddətdir gərginlik yaşadığı Yunanıstanın da əlində var.
Əslində, Qətərin “Rafale” təyyarəsi “Anadolu Qartalı – 2021” təlimləri zamanı ilk dəfə olaraq Konyaya gəlib və türk qırıcıları ilə birgə təlimlərə qatılıb.
Cem Doğut artıq Fransa istehsalı təyyarələrin Türkiyədə yerləşdirilməsi üçün növbəti mərhələyə keçildiyini söyləyib:
“Qonşumuz Yunanıstanın aldığı “Rafale”lərə qarşı inkişaf etdirməli olduğumuz taktika üçün təyyarənin imkanlarını hərtərəfli öyrənmək çox vacibdir. Bu, düşməni hərəkətə keçməzdən əvvəl düşünməyə vadar edəcək”.