23 Sentyabr 2022 11:40
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada qismən də olsa, İkinci Dünya müharibəsindən sonra ilk dəfə hərbi səfərbərlik elan edildi. Rusiya Prezidenti Vladimir Putinin bu qərarı Qərb liderlərinin reaksiyasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, Qərb mediası Rusiyadakı səfərbərliyə geniş yer verib.

“Vaşinqton Post” qəzetini məsələ ilə əlaqədar “Putin ümidsizliyə qapılır, təzyiq artmalıdır” başlıqlı məqalə dərc edib:

“Cənab Putinin əlini gücləndirmiş kimi görünür, amma bu, Rusiyanın öz hərbi hədəflərini kiçiltməsi deməkdir. “Vətənimizin ərazi bütövlüyü qorunacaq” deyən Putinin bu sözləri əslində Ukrayna ilə müharibədə çoxlu səhv hesablamalara yol verən və özünü ona möhtac görən Rusiya liderinin əks-təsir göstəmək, müharibə üçün yeni əsaslandırma cəhdidir. İndi təhdidlər edir, amma öz vətəndaşları ona Finlandiya sərhədinə qaçmaqla cavab verirlər”.

“The Wall Street Journal”ın “Putinin ümidsiz Ukrayna savaşı” adlı məqaləsində isə bildirilir ki, səfərbərlik elanı “əzələ nümayişi” deyil, Rusiyanın müharibədə uduzduğunun etirafıdır:

“Rusiya Duması səfərbərlikdən yayınma və fərariliyə görə cəzanı sərtləşdirən qanun qəbul edir ki, bu da Rusiyanın müharibə iradəsinin zəiflədiyini göstərir. Artıq dünyada heç kim Putinə inanmır. Türkiyənin qüdrətli lideri Ərdoğan “Krımı Ukraynaya qaytarın” deyir, Çin və Hindistan isə Putini dayandırması üçün xəbərdarlıq edir”.

“Financial Times”ın məqaləsi “Putinin ümidsizcə atdığı zər” adı ilə dərc olunub. Məqalədə köşəyə sıxışmış Rusiya liderinin öz xalqı, Ukrayna və dünya üçün son dərəcə təhlükəli və gözlənilməz şəxsə çevrildiyi deyilir.

“Putin ehtiyatda olan əsgərləri çağırmaqla rus qoşunlarının nə qədər yorğun və ruhdan düşdüyünü etiraf etməli oldu. “Bu, blef deyil” deyən və əvvəlki hədələrinin boş olduğunu etiraf edən Putinin bu dəfəki hədəsi, bəlkə də, son zər atışıdır”, - məqalədə qeyd olunur.

“Nyu-York Tayms”ın məqaləsinin başlığı isə belədir: “Köşə sıxılmış Putin həmişəkindən daha təhlükəlidir”.

Köşəyə sıxışdırıldığı bildirilən Putinin ən təhlükəli dövründə olduğu qeyd edilən yazının diqqətçəkən hissəsi belədir:

“Əgər Ukrayna və onun Qərb tərəfdarları hazırda üstünlüyə malikdirlərsə, bu üstünlük heç bir halda etibarlı deyil. 60 il əvvəl Kuba raket böhranından sonra Amerika və Rusiya liderləri nüvə müharibəsi təhlükəsi ilə bağlı bu qədər açıq və kəskin şəkildə üz-üzə gəlməmişdilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər