İranda sentyabrın 13-də “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra komaya düşən və xəstəxanaya yerləşdirilən Məhsa Emininin sentyabrın 16-da vəfat etməsindən sonra başlayan nümayişlər bir çox əyalət, rayon və qəsəbələrə yayılıb.
Teleqraf.com xəbər verir ki, İran dövlət televiziyası 26 nəfər həyatını itirdiyini açıqlayıb.
Dövlət televiziyasının aparıcısı qeyd edib ki, ölənlərin dəqiq sayı rəsmi orqanlar tərəfindən açıqlanacaq.
Sosial mediada yayımlanan görüntülərdə başda Tehran və İsfahan kimi böyük şəhərlərdə başda olmaqla ölkənin müxtəlif bölgələrində hadisələrin şiddətləndiyi, təhlükəsizlik qüvvələrinin etirazların öhdəsindən gəlmək üçün daha sərt şəkildə müdaxilə etdiyi görünür.
Təbriz şəhərindəki universitetdə dərslər sentyabrın 24-dən qeyri-müəyyən müddətədək dayandırılıb.
Ölkə mətbuatında yer alan xəbərlərə görə, son günlər jurnalistlər, siyasi və vətəndaş fəalları da daxil olmaqla, çoxlu sayda insan saxlanılıb.
Hadisələri təşkil edən və ictimai əmlaka ziyan vuran şəxslərə qarşı təhlükəsizlik qüvvələri əməliyyat keçirib və yüzlərlə insan həbs olunub.