ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Çin Rusiyaya kömək etsə, bunun nəticələri olacaq. Onun çinli həmkarı Vang Yi isə ABŞ-ın Sovet İttifaqına tətbiq etdiyi mühafizə taktikasını Çinə də tətbiq etmək istədiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi gündəmdəki aktual mövzuları müzakirə ediblər.
Görüşlə bağlı açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ikilinin Rusiya-Ukrayna müharibəsi və Tayvandakı vəziyyəti müzakirə etdiyini bildirib.
Açıqlamaya görə, Blinken çinli həmkarına Rusiyaya kömək etməməsi üçün xəbərdarlıq edib. Bildirib ki, Pekin Moskvaya dəstək versə, bunun nəticələri olacaq.
Blinken ölkəsinin Tayvanla bağlı tək Çin siyasətinə uyğun hərəkət etdiyini bildirib. O qeyd edib ki, Tayvan boğazında sülh və sabitliyin qorunması regional və qlobal təhlükəsizlik və rifah üçün çox vacibdir.
Blinken gərginlik dövründə rabitə kanallarının açıq saxlanmasının vacibliyini vurğulayıb.
Çinin xarici işlər naziri Vanq Yi qatıldığı toplantıda ölkəsinin ABŞ ilə əlaqələrini dəyərləndirib. O, deyib ki, Vaşinqton keçmişdə Sovet İttifaqına qarşı tətbiq edilən mühafizə taktikasını Çinə qarşı da tətbiq etmək istəyir.
Çin diplomatı izlənilən siyasətlərin soyuq müharibəyə bənzər münaqişə və qarşıdurmaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.