Çində hakimiyyət çevrilişi haqqında sosial şəbəkələrdə müxtəlif xəbərlər yayıldı. Məlum oldu ki, bu xəbərləri Qərb ölkələrində siyasi sığınacaq alan çinli müxaliflər yayıblar. Beləliklə, Çin lideri Si Cinpinin ev həbsinə alınması barədə xəbər təsdiq olunmadı. Buna baxmayaraq, bu tip xəbərlərin yayılması rəqiblərinin Cinpinə qarşı informasiya müharibəsinin tərkib hissəsi sayıla bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.
Məqalədə qeyd edilir ki, Çin Kommunist Partiyasının növbəti qurultayı oktyabrın 16-da keçiriləcək:
“Amerikanın “Nyu-York Tayms” nəşrinin yazdığına görə, qurultayda böyük dəyişiklik gözlənilmir. Çin Kommunist Partiyasının qurultayı hər beş ildən bir keçirilir. Qurultay ölkənin sabit inkişafı və hakimiyyətin davamlılığına səs verəcək. Ölkənin hazırki lideri Cinpin üçüncü dəfə baş katib seçiləcək. Halbuki Si Cinpindən əvvəlki rəhbərlər partiyaya 2 dəfədən çox rəhbərlik etməyin əleyhinə olublar. Buna baxmayaraq, baş nazirin dəyişdiriləcəyi gözlənilir.
Partiyanın Mərkəzi Komitəsinin qurultaydan əvvəl oktyabrın 9-da plenumu keçiriləcək. Adətən qurultaylar arasındakı 5 il müddətində Mərkəzi Komitənin 7 plenumu keçirilir. Plenumda Si Cinpin Mərkəzi Komitə üzvləri qarşısında çıxış edəcək, qurultay məruzəsinin əsas tezislərini səsləndirəcək. Plenum Mao Tszedunun ideyalarına, Den Syaopinin inkişaf nəzəriyyəsinə və Si Cipinin inkişaf platformasına sadiq qalacağını təsdiq edəcək.
Qurultaylarda tənqidə yer yoxdur. Ona görə də kiminsə hansısa tezisə iradı varsa, bu plenumda səslənməlidir. Ancaq Mərkəzi Komitə üzvlərindən kiminsə Si Cinpinin daxili, xarici və təhlükəsizlik siyasətinə qarşı çıxış edəcəyi proqnozlaşdırılmır. Halbuki Çinin bəzi oliqarxları Pekinin ABŞ-la qarşıdurmasının yanlış olduğunu düşünür, bunun onların kapitallarına və investisiyalarına mənfi təsir etdiyi qənaətindədirlər”.
Mərkəzin ekspertlərinin fikrincə, Çin Kommunist Partiyası yeniliklərə etibar etmir:
“Pekin SSRİ-nin taleyini yaşamaqdan çəkinir. Çin Kommunist Partiyasının rəhbərliyində də hesab edirlər ki, SSRİ-də “yeniqənqurma” illərində tənqidlərin səslənməsinə imkan verilməsi ölkənin dağılmasına səbəb olub. Cinpin SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun “səhvini” təkrarlamaq istəmir.
Çin ciddi çağırışlarla üz-üzədir. Pekinin Tayvan adasına görə Vaşinqtonla münasibətləri gərgindir, qonşuları Hindistan, Vyetnam, Yaponiya və Avstraliya Çinin artan hərbi gücündən narahardırlar və bölgədə silahlanma prosesi geniş vüsət alıb. Buna baxmayaraq, Çin Kommunist Partiyasının qurultayında xüsusi olaraq başqa dövlətlərin adının çəkiləcəyi ehtimal edilmir”.