27 Sentyabr 2022 14:38
2 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton və London Kremlə açıq şəkildə deməlidirlər ki, Rusiya Ukraynaya nüvə silahı atsa, ABŞ və Böyük Britaniya Rusiya ərazisinə nüvə silahı atacaq. Rusiyanı dayandırmağın başqa alternativi qalmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya-Ukrayna müharibəsi ətrafındakı son gəlişmələrə diqqət çəkib:

“Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev artıq neçənci dəfə dəfədir ki, dünyanı nüvə silahıyla hədələyib. Onun fikrincə, Rusiya Ukraynaya nüvə silahı atsa, NATO qarışmayacaq.

O bildirib ki, Vaşinqton, London və Brüsselin təhlükəsizliyi NATO üçün “heç kimə lazım olmayan Ukrayna”nın taleyindən daha önəmlidir: “ABŞ və Avropa demaqoqları nüvə apokalipsisində ölməyi düşünmür. Ona görə istənilən silahın tətbiqinə göz yumacaqlar”.

Medvedyev demək istəyib ki, Kreml Ukraynanı nüvə silahı ilə vuracaq, yüzminlərlə ukraynalı öləcək, şəhərlər dağılacaq, ekoloji fəlakət ətrafa yayılacaq və bu təxribatın – faciənin qarşılığında NATO ölkələri ancaq deyinəcək və Rusiyaya nüvə silahı atmayacaqlar.

Həqiqətənmi belə olacaq?

Ukraynaya nüvə silahı atan ölkə Polşaya, Baltik ölkələrinə və digərlərinə qarşı da eyni silahdan istifadə edəcək. Ona görə Rusiyanı dayandırmağın yolları tapılmalıdır. Vaxtında NATO Ukraynanı üzvlüyə qəbul etsəydi, indi Medvedyev rahat şəkildə Ukraynaya nüvə silahı atacağı fikrini səsləndirməzdi.

Vaxtilə ABŞ və Böyük Britaniya Ukraynanın SSRİ-dən qalma nüvə silahlarını Rusiyaya ötürülməsinə dəstək göstərdilər və bunun qarşılığında Ukraynanın ərazi bütövlüyünə təminat verdilər. Bu təminat boş çıxdı, Rusiya Krımı və Donbası ilhaq etdi, indi də Ukraynanın digər ərazilərini qoparmaqla məşğuldur. ABŞ və Böyük Britaniya Ukraynanı nüvə silahıyla təmin etsələr, Kremlin Ukraynanı nüvə silahıyla vurması gündəlikdən çıxacaq. Ya da Vaşinqton və London Kremlə açıq şəkildə deməlidirlər ki, Rusiya Ukraynaya nüvə silahı atsa, ABŞ və Böyük Britaniya Rusiya ərazisinə nüvə silahı atacaq. Rusiyanı dayandırmağın başqa alternativi qalmayıb”.


Müəllif: Mənsur Rəğbətoğlu