27 Sentyabr 2022 22:27
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qismən səfərbərlik qərarından sonra ölkədən qaçanların qarşısını almaq üçün sərhədə qoşun yeridib.

Teleqraf.com xəbər verir ki, Ukrayna ilə müharibənin davam etdiyi vaxtda Rusiya Prezidenti Vladimir Putin ötən həftə səfərbərlik elan edib və ən azı 300 min nəfərin ordu sıralarına cəlb olunacağını açıqlayıb.

Bu açıqlamadan sonra çox sayda insan Rusiyanı tərk edərkən, küçələrdə etiraz nümayişləri də başlayıb.

Dünən Kremlin sözçüsü Peskov Rusiyanın Ukraynadakı hərbi əməliyyatı üçün ehtiyat qüvvələrin səfərbər edilməsi zamanı səhvlərə yol verildiyini etiraf edib və ölkə sərhədlərinin bağlanması ilə bağlı heç bir qərarın verilmədiyini bildirib.

Qismən səfərbərlik qərarından sonra Rusiya ölkədən qaçanların qarşısını almaq üçün sərhədə qoşun yerləşdirib. Amma bu açıqlamalara baxmayaraq, Rusiyanın ölkədən qaçanları dayandırmaq üçün hərəkətə keçdiyi və sərhədlərdə tədbirlər gördüyü üzə çıxıb. Rusiyanın müstəqil nəşrləri Gürcüstan sərhədində hərbi qüvvələrin yerləşdirildiyini, bununla da bu ölkəyə keçidlərə maneənin yaradıldığını yazırlar.

Rusiyadan Gürcüstanın Cənubi Osetiya bölgəsinə gedən əsas magistral yolda yerləşən kiçik Çmi şəhərindən çəkilmiş kadrlarda zirehli texnika və hərbçilərin görüntüləri yer alıb.

Məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) hərbçiləri Gürcüstan sərhədinə göndərilib və onlara ölkədən qaçmaq istəyənlərin qarşısını almaq tapşırılıb.

Rusiya qoşunlarının Gürcüstan sərhədində yerləşməsi Putinin hərbi xidmətdən qaçan kişilərin qarşısını almaq üçün ölkə sərhədlərini bağlamağa hazırlaşdığına dair qorxuları artırıb. Sosial şəbəkədə sürətlə yayılan görüntülər qısa zamanda gündəm olub.

Digər tərəfdən, Rusiyanın bəzi bölgələrindən məcburi hərbi xidmətə çağırış xəbərləri gəlməkdə davam edir. Hətta İrkutsk vilayətində bir şəxs Ukraynada döyüşmək üçün ehtiyatda olan hərbçilərə çağırış vəsiqəsi yazan komissarı güllələyib.

25 yaşlı şəxs “Müharibəyə getməkdənsə, həbsxanaya getməyi üstün tuturam” deyib.


Müəllif: Mənsur Rəğbətoğlu