28 Sentyabr 2022 11:50
5 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan və Çinin Rusiya ilə tərəfdaşlıq münasibətləri var. Rusiyanın Ukraynaya qarşı müharibəsinə baxmayaraq, Dehli və Pekin Rusiya ilə tərəfdaşlıqdan imtina etməyib. Bu vəziyyət Vaşinqtonu narahat edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində bildirilib.

Məqalədə qeyd olunur ki, ABŞ dəfələrlə Dehli və Pekini Rusiya ilə münasibətlərə yenidən baxmağı təklif edib:

“Dehli Rusiya ilə yanaşı, ABŞ-la da tərəfdaşlıq münasibətləri qurub. Digər tərəfdən, Hindistan son illərdə Rusiyanın əvəzinə Qərb ölkələrindən hərbi texnika alır. Dehlidən fərqli olaraq, Pekin Qərbdən uzaqlaşıb.

ABŞ dövlət katibi Entoni Blinken sentyabrın 23-də Nyu-Yorkda BMT Baş Assambleyasının sammiti çərçivəsində Çin xarici işlər naziri Vanq Yi ilə görüşüb. Əsas müzakirə mövzularından biri Ukrayna olub. Blinken çinli həmkarını inandırmağa çalışıb ki, Pekin Kremlin işğalçı planlarına dəstək verməsin. 90 dəqiqəlik görüşdə Çin xarici işlər naziri isə Tayvan məsələsini qaldırıb, Pekinin Vaşinqtonun siyasətindən narazı qaldığını söyləyib.

ABŞ Tayvanın Çinə aid olduğunu qəbul etsə də, adanın güc yolu ilə Pekinə tabe etdirilməsinin əleyhinədir. Eynilə Çin Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, Rusiyanın işğalçı müharibəsini pisləmir”.

Təhlildə bildirilib ki, Blikenin çinli həmkarı ilə bu ilin iyulun 9-dakı görüşü də nəticə verməyib:

“Həmin görüşdə də əsas müzakirə mövzusu Ukrayna və Tayvan idi. “Mən Çinin Rusiya ilə müttəfiqliyindən narahat olduğumuzu bir daha onun diqqətinə çatdırdım”, - Blinken danışıqlardan sonra mətbuat konfransında belə demişdi.

Blinken Çinin neytral davrandığını düşünmdəyini səsləndirmişdi. Çin BMT-də Rusiyanın mövqeyini dəstəkləyib və Kremlin təbliğatının gücləndirilməsinə rol oynayıb. Buna misal olaraq, Çin lideri Si Cinpinin iyunun 13-də Prezident Vladimir Putinlə telefon danışığı zamanı Rusiya ilə tərəfdaşlığı gücləndirmək qərarını dəstəklədiyini açıq şəkildə bildirdiyi göstərilib.

Vaşinqton hər dəfə Pekinin qarşısında Ukrayna mövzusunu qaldırdıqca, Çin də ABŞ qarşısında Tayvan məsələsini qaldırır. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri təxribat xarakterli idi. Ağ Ev və Dövlət Departamenti bu səfərin Amerikanın dövlət siyasəti olmadığını vurğulasa da, buna inanan azdır”.


Müəllif: Mənsur Rəğbətoğlu