Rusiya prezidentinin sözçüsü Peskov Türkiyənin dövlət banklarının “Mir” ödəmə sistemindən çıxması ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi türk banklarının bu addımı ABŞ-ın təzyiqi altında atdıqlarını iddia edib.
Onun sözlərinə görə, Rusiya və Türkiyə ABŞ-ın bank sektorunda göstərdiyi təzyiqi qırmaq üçün birlikdə çalışmalıdır.
Bankların və digər maliyyə qurumlarının ABŞ-ın güclü təzyiqi altında olduğunun fərqində olduqlarını və bank sisteminə qarşı ikinci dərəcəli sanksiyalar təhlükəsi ilə üz-üzə qaldıqlarını deyən Peskov türk banklarının Rusiyanın “Mir” sistemindən çıxmaq qərarına bənzərsiz təzyiq altında gəldiklərini vurğulayıb.
Rusiya və Türkiyənin çətin vəziyyətlə üzləşdiyini deyən Peskov iki ölkənin birlikdə həll yolu tapmalı olduqlarını bildirib.