Avropa Komissiyası Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin birgə keçirdiyi mətbuat konfransında bildiriblər ki, Rusiyanın saxta referendumlar keçirməsi qeyri-qanuni torpaq qoparmaq və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirmək cəhdidir.
“Səfərbərlik və Prezident Putinin nüvə ritorikası gərginliyin daha da artırılması yolunda yeni addımlardır. Biz heç bir saxta referendumu və anneksiyaları qəbul etmirik. Biz bütün bunların bədəlini Kremlə ödətdirməkdə qətiyyətliyik. Bu gün biz Rusiyaya qarşı yeni sanksiya paketini təklif edirik. Sanksiyalar paketində fiziki və hüquqi şəxslərin yeni siyahısı təqdim olunacaq. Ticarətin daha da məhdudlaşdırılması və Rusiya məhsullarına yeni idxal qadağaları. Bu, Rusiya iqtisadiyyatını 7 milyard avro gəlirdən məhrum edəcək. Rusiya Avropanın beyin gücü və təcrübəsindən də faydalanmamalıdır. Aİ vətəndaşlarının Rusiya dövlət şirkətlərinin idarəetmə orqanlarında çalışması qadağan edilməlidir”.
Von der Leyen əlavə edib ki, sanksiyaların bir hissəsi Rusiyanın nefti ilə bağlı olacaq: “Biz neft qiymətlərinin həddi üçün hüquqi əsasın müəyyən olunmasını təklif edəcəyik. Bəzi inkişaf etməkdə olan ölkələrin hələ də aşağı qiymətlərlə Rusiya neftinə ehtiyacı var. Bu hədd Rusiyanın gəlirlərini azaltmağa və qlobal enerji bazarlarını sabit saxlamağa kömək edəcək. Avropa məhsullarının üçüncü ölkə vasitəsilə Rusiyaya keçirilməsinin qarşısı alınmalıdır”.