29 Sentyabr 2022 10:42
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Məhsa Əmininin şübhəli ölümündən sonra başlayan nümayişlərdə ölənlərin sayı 80-ə çatıb. Saxlanılanlar arasında keçmiş prezident Haşimi Rəfsəncaninin qızı Faize Haşimi də var

Teleqraf.com xəbər verir ki, İranda qadınların başçılıq etdiyi ikinci həftəyə daxil olan etirazlarda polislə nümayişçilər arasında baş verən qarşıdurmada ölənlərin sayı 80-ə çatıb.

Rəsmi rəqəmlər fərqli olsa da, mərkəzi Osloda yerləşən İran İnsan Haqları təşkilatı ən azı 76 nəfərin öldüyünü açıqlayıb. Bildirilib ki, fəallar, vəkillər və jurnalistlər də daxil olmaqla azı 1200 nəfər saxlanılıb.

“Tesnim” agentliyinin məlumatına görə, saxlanılanlar arasında tanınmış şəxslər də var. İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin qızı Faize Haşimi nümayişçiləri qızışdırdığına görə saxlanılıb.

İran prezidenti İbrahim Rəisi bəyan edib ki, etirazlar anlaşılan olsa da, heç kəs xaosa səbəb ola bilməz. Polis dünən bütün gücü ilə etirazlara müqavimət göstərəcəklərini açıqlayıb.

Dünən İran İnqilab Keşikçiləri Ordusu ölkədə “terror təşkilatı” sayılan Komele və İran Kürdüstan Demokratik Partiyasının (İKDP) İraqın şimalındakı qərargahını hədəfə alıb. Artilleriya və PUA ilə edilən hücumda 13 nəfər həyatını itirib, 58 nəfər yaralanıb. Hücumdan sonra İraq rəhbərliyi İranın Bağdaddakı səfirini Xarici İşlər Nazirliyinə çağıraraq nota veriləcəyini açıqlayıb. Hücumdan BMT-nin İraqdakı missiyası da təsirlənib.


Müəllif: Nemət