29 Sentyabr 2022 23:58
2 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı İraqa hərbi təcavüz edən İranın ordusunun (SEPAH) hücumlarını pisləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.

Açıqlamada İraqın sabitliyini və təhlükəsizliyini təhdid edən bütün hücumları rədd etdikləri deyilib.

Beynəlxalq ictimaiyyətin İranın beynəlxalq konvensiyaları pozmasına qarşı ayağa qalxmasının vacibliyi vurğulanan açıqlamada İraq xalqına və hökumətinə hücumlarda həlak olanlara başsağlığı verilib, yaralananların tezliklə sağalması arzulanıb.

İran dünən İraqın şimalındakı Komele, İKDP və PAK təşkilatlarının qərargahlarını raket və dronlarla vurub.

İraq Kürd Regional Rəhbərliyinin (İKRH) səhiyyə naziri Saman Bərzənci İranın təcavüzkar hücumu nəticəsində 9 nəfərin öldüyünü, 32 nəfərin yaralandığını açıqlayıb.

Təcavüzdən sonra İranın Bağdaddakı səfiri İraq Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt nota verilib. Hücumda qadın və uşaqlar da daxil olmaqla, çox sayda günahsız insanın öldüyü təcavüz edən ölkə səfirinin diqqətinə çatdırılıb.

İran qüvvələrinin İraqın suverenliyinə və ərazisinə davam edən hücumları pislənilib. Bundan sonra İranın İraqın şəhərlərində mülki əhalini hədəfə alması qarşısında səssiz qalınmayacağı qeyd edilib.

İrandan İraqın suverenliyinə hörmət etməsinin tələb olunduğu bəyanatda Tehran bu ölkəyə qarşı hərbi ritorika və addımlardan uzaq durmağa çağırılıb.

Qeyd edək ki, bu, İran hərbi qüvvələrinin son bir həftədə İraqa üçüncü təcavüzkar hücumudur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər