Ukrayna və ABŞ arasında Rusiya ərazisinin atəşə tutulmasına qadağa haqqında razılaşma Rusiya Federasiyasının nəzarətinə keçən regionlara şamil edilmir.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova deyib.
“ABŞ-la müqavilələrimiz var ki, Amerika və tərəfdaşları tərəfindən bizə verilən silahlardan Rusiya ərazisində istifadə etməyəcəyik. Amma bu gün söhbət Ukraynanın düşmənin yerləşdiyi müvəqqəti işğal olunmuş ərazilərinin azad edilməsindən gedirsə, deməli, belə məhdudiyyətlər yoxdur”, - diplomat qeyd edib.
Markarova həmçinin aydınlaşdırıb ki, Rusiya ərazisinə qarşı Qərb silahlarından istifadə etməmək öhdəliyi yalnız Amerikanın HIMARS sistemlərinə aiddir. Diplomat onu da deyib ki, ABŞ Ukraynanın Krıma zərbələr endirməsi üçün heç bir məhdudiyyət qoymayıb.
23-27 sentyabr tarixlərində Ukraynanın işğal edilmiş Donbas, Zaporoje və Xerson vilayətlərində Rusiyaya birləşməyə dair “referendum” keçirilib. Rusiya Prezidenti Vladimir Putinin “referendum”un nəticələrini tanıyacağı gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov “nüvə çətiri”nin Rusiyaya ilhaq ediləcək bu əraziləri də əhatə edəcəyini açıqlayıb. Yəni ilhaq ediləcək bu ərazilərə hücum Rusiyaya hücum kimi qiymətləndiriləcək və bu addıma qarşı nüvə silahından istifadə gündəmə gələcək.