30 Sentyabr 2022 13:09
6 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin Ukraynanı parçalaması Rusiyaya tərəfdaş ölkələri mürəkkəb vəziyyətə sürükləyir. Belarus Rusiyanın strateji müttəfiqi olsa da, bu ölkənin Prezidenti Aleksandr Lukaşenko Kreml sahibi Vladimir Putinin planlarından daxilən narazıdır, sadəcə bunu açıq şəkildə söyləyə bilmir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik məqaləsində bildirilir.

Təhlildə qeyd edilir ki, Rusiyanın digər tərəfdaşı Qazaxıstan aşkar şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, işğal altındakı ərazilərdə “referendum”un nəticələrini tanımayacaq:

“Bundan başqa, Qazaxıstan Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları ilə hesablaşır.

Hindistan və Çin üçün də ərazi bütövlüyü prinsipi vacibdir. Əgər Dehli və Pekin hansısa dövlətin ərazisinin parçalanmasına dəstək versələr, öz prinsiplərindən geri addım atmış olacaqlar. Ona görə də Dehli və Pekin Kremlin tərəfdaşları olsalar da, Ukraynanın parçalanmasına dəstək verə bilməzlər. Çinin vəziyyəti daha ağırdır. ABŞ-ın sanksiyaları ilə hədələnən və Tayvanla bağlı Vaşinqtonla gərgin münasibətlərdə olan Pekin Kremllə strateji tərəfdaşlığa üstünlük verir. Ancaq bu tərəfdaşlıq Çinin ərazi bütövlüyü prinsipinə baxışına kölgə salıb.

Çin Xarici İşlər naziri Vanq Yi BMT Baş Assambleyasındakı çıxışında etiraf edib ki, Rusiya-Ukrayna müharibəsinin bölgəyə mənfi təsirləri artıb. Çinli nazir “mənfi təsirlər” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasa da, onun Ukraynadakı müharibənin başqa bölgələrə də keçə biləcəyinə işarə vurduğu dəqiqdir.

Çin xarici işlər naziri Pekinin Avropa İttifaqının Rusiya ilə Ukrayna arasında dialoq təklifini dəstəklədiyi bildirib. Vanq Yinin Avropa İttifaqının adını çəkməsi təsadüfi deyil. Pekin bununla Kremlə mesaj göndərir ki, Vaşinqtonla münasibətləri gərgin olsa da, Avropadan üz döndərməyəcək və Avropa dövlətləri ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcək”.

Mərkəzin ekspertlərinin fikrincə, Pekin Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını və iki ölkə arasında dialoqa başlanmasını dəstəkləyir:

“Ankara da eyni mövqedən çıxış edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “referendum”un “qırmızı xətt”in keçilməsi kimi qiymətləndirib. Ancaq Kreml sahibi dostlarının xahişlərini eşitmir.

Bu arada, Çin lideri Si Cinpin ordunu gücləndirməyə qərar verib. Si Sinpin son çıxışlarının birində ordu komandanlığına hərbi qarşıdurmaya hazır olmalarının vacibliyini vurğulayıb. Si Cinpin müharibənin konkret istiqamətini göstərməsə də, söhbətin Tayvandan getdiyi aydındır. Çin ordusunun Tayvan ətrafında təlimləri artıb. Rusiya-Ukrayna müharibəsi davam edərkən, Çin-Tayvan savaşı beynəlxalq aləmdə daha böyük gərginlik yaradacaq. Bunu Pekində də anlayırlar, ancaq Tayvan adasını ələ keçirmək planlarından da imtina etmirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər